Azərbaycan-Gürcüstan əlaqələri uğurla inkişaf edir


Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir.

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin dünən Azərbaycana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında bu səfərin qonşu ölkədə keçirilmiş prezident seçkilərindən sonra Gürcüstan Prezidentinin etdiyi ilk rəsmi səfər olduğunu xüsusi qeyd etdi. Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili də iki ölkə arasında əlaqələrin səviyyəsini yüksək qiymətləndirərək, ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər olduğunu, həmin münasibətlərin tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslandığını, müasir dövrdə isə həyata keçirilən qlobal layihələrin iki ölkənin siyasi çəkisini dünya miqyasında daha da artırmaqda olduğunu vurğuladı.

“Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Onu da vurğulayaq ki, 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəkləyən ölkələrdən biri də məhz Gürcüstan oldu. Gürcüstan öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırdı. Bu, faktiki olaraq uzun illər aparılan çox effektiv xarici siyasətin və uğurlu iqtisadi əməkdaşlığın əyani nəticəsi kimi dəyərləndirilə bilər.

Bəyanatda Prezident İlham Əliyev deyib: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq”.

Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.

Azərbaycan-Gürcüstan münasibətləri demək olar ki, həyatın bütün sahələrini əhatə edir. Təhsil və mədəniyyət sahələrində əməkdaşlıq xalqlar arasında inteqrasiyanı artırır, turizm isə iqtisadi əlaqələrin inkişafına təkan verir. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Əlaqəli Xəbərlər