Analıq məzuniyyəti tətbiq etməyən müəssisələr CƏZALANACAQ?


“İşçilərin məzuniyyət hüququ Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir və sözügedən Məcəlləyə əsasən işçilərin bu hüququ 4 məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; sosial məzuniyyət; təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ödənişsiz məzuniyyət”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər kollegiyasının üzvü, Bakı şəhəri 31 saylı Vəkil Burosunun vəkili Aysel Əhmədova deyib.

Aysel Əhmədova sözlərinə belə davam edib: “Cəmiyyətimizdə “analıq məzuniyyəti” kimi tanınan məzuniyyət növü qanunvericilikdə “sosial məzuniyyət” anlayışı ilə ifadə olunur. Sosial məzuniyyət isə hamiləliyə və doğuşa görə məzuniyyətləri; uşaqları övladlığa götürmüş qadınların məzuniyyət hüquqlarını və uşağa bilavasitə qulluq edən işçiyə verilən qismən ödənişli sosial məzuniyyətləri əhatə edir. Sosial məzuniyyətin bir növü olan hamiləliyə və doğuşa görə məzuniyyətlərin səciyyəvi xüsusiyyəti həm də ondan ibarətdir ki, əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün işçilər bu hüququndan istifadə edə bilərlər. Bunu ona görə fərqləndiririk ki, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.

Vurğulamağı zəruri hesab edir ki, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, yuxarıda istinad olunan Məcəllədə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər və onların məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.

Göründüyü kimi, qanunvercilik məzuniyyət hüququnu və ondan istifadə edilməsini imperativ qayda olaraq müəyyən edib. Bu hüququn, qaydaların pozuntusuna yol verən işəgötürən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş “işçinin məzuniyyət hüquqlarının pozulması, işçiyə əmək məzuniyyətinin verilməməsi, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsi” növündə inzibati xətaya görə məsuliyyətə cəlb edilməlidir”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər