Zaqatalada Səyyar ASAN xidmətə 142 mindən çox müraciət daxil olub


Zaqatala rayonunda ümumilikdə 49 dəfə Səyyar ASAN xidmət avtobusu vasitəsilə səyyar xidmət gerçəkləşib. Bu dövr ərzində 142 mindən çox vətəndaş müraciəti daxil olub. SİA-nın məlumatına görə, bu barədə Zaqatalada fəaliyyət göstərən Səyyar ASAN avtobusu ilə bağlı rayona təşkil olunan mediaturda bildirilib.

Qeyd edilib ki, səyyar ASAN xidmət avtobusu cari ilin 3 aprel tarixindən Zaqatala rayonu, Nizami Gəncəvi küçəsi 10 ünvanında vətəndaşlara xidmət göstərir.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycanın Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsilə ölkədə ümumilikdə 3 milyondan çox, 2025-ci il ərzində isə 40 mindən çox vətəndaş müraciəti daxil olub.

Xatırladaq ki, ASAN xidmət mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus vasitəsilə əhaliyə səyyar formada xidmət göstərilir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Əlaqəli Xəbərlər