“Uşaqların sosiallaşması üçün ən münasib mühit ailə mühitidir”. Bu sözləri sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında deyib.
“Ailə mühitində də, şübhəsiz ki, sosial bağlar, sosial əlaqələr mühüm rol oynayır: “Bu baxımdan psixoloqlar öz araşdırmalarında təsdiq edirlər ki, ailə mühitində uşağın normal sosiallaşması üçün ailədə üç uşağın olması daha adekvatdır. Çünki uşaq özünü başqa uşaqla müqayisə etmə fonunda formalaşır. Sanki bir-birinə güzgü tuturlar. Ona görə, uşaqların sosiallaşma mühitinin adekvat olması üçün Avropa, Qərb psixoloqları tərəfindən üç uşaq ailədə tövsiyə olunur.
Bizim də müşahidələrimiz onu deməyə əsas verir ki, çoxuşaqlı ailədə böyüyən uşaqlar bir-birinə dəstək, qayğı, empatiya baxımından daha həssas olur, deməli digər uşaqlara münasibətdə də oxşar xarakter formalaşır. Çoxuşaqlı ailələr sanki cəmiyyətin bir mikro modeli kimi olur. Orada münasibətlər başa düşülür.
Amma müşahidələr onu deməyə əsas verir ki, təkuşaqlı ailələrdə böyüyən uşaq ya hədsiz assosial olur, özünə qapanır, ya da ünsiyyət aclığı çəkdiyi üçün həddindən artıq ünsiyyətə meyilli olur. Ünsiyyət aclığını doldurmaq üçün daha çox səviyyədə ünsiyyətə meyilli olur. Bu baxımdan çox yaxşı olar ki, ailədə üç uşaq modeli olsun və belə mühitdə uşağın sosiallaşması daha münasib olur. Hesab edirəm ki, bizim cəmiyyətimizdə də zamanla çoxuşaqlı ailələr olduğuna görə cəmiyyətimiz çox pozitiv, ünsiyyətcil, paylaşma mədəniyyəti olan cəmiyyət idi. Əgər ailədə tək uşaq varsa, o, mütləq bağça mühitinə inteqrasiya olunmalıdır ki, digər sosiallaşma institutlarından cəlb olunmalıdır ki, normal sosial mühitdə tərbiyə ala bilsin. Çünki uşaq həm ailə mühitində, həm də digər sosiallaşma institutlarında formalaşır. Məqsədəuyğun olardı ki, ailədə üç uşaq modeli olsun, bu, tövsiyə olunandır. Çünki bu, uşaqların sosiallaşmasına müsbət təsir göstərir”.