Aprelin 15-i BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupunun Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri ilə təşkil etdiyi “Dekolonizasiya: Sakit İnqilab” konfransının iştirakçıları tədbirin sonunda yekun sənəd qəbul edilib. SİA xəbər verir ki, sənəddə kolonializmin dünya miqyasında bərpa edilməsi mümkün olmayan dərin yaralar vurduğu qeyd olunub, kolonial güclərin öz tarixi cinayətlərinə görə davamlı olaraq məsuliyyətə cəlb edilməkdən imtina etmələri qətiyyətlə pislənilib.
Fransa və Niderland kimi dövlətlərin bu gün də öz kolonial siyasətlərindən əl çəkmədiyi vurğulanıb, onların Qvadelupa, Martinik, Fransız Qvianası, Reyunyon, Mayot, Boneyra, Sin-Marten və digər əraziləri əsarət altında saxlamaqda davam etdiklərini qeyd edilib. Müstəmləkəçilik cinayətlərinin bəşəriyyətə qarşı cinayət olduğunu vurğulanaraq, müstəmləkə rejimlərinin törətdikləri cinayətlərə görə ləyaqətli təzminat ödəməli olduqları qeyd edilib. Əks təqdirdə onlara qarşı beynəlxalq sanksiyaların qəbul edilməsinə dair çağırış edilib.
Bundan əlavə, sənəddə Bakı Təşəbbüs Qrupu kimi QHT-lərə beynəlxalq hüquq çərçivəsində kolonializmin ifşa edilməsi istiqamətində apardıqları fəaliyyətə dəstək ifadə edilib, martın 28-də Fransanın Milli Assambleyasında Bakı Təşəbbüs Qrupuna qarşı qəbul edilmiş qətnaməsi qətiyyətlə pislənilib.
Sonda tədbir iştirakçıları BTQ-ya tədbirin təşkilinə görə təşəkkürlərini ifadə ediblər.