BP Azərbaycanda yerli icmaları dəstəkləmək üçün daha üç sosial layihəni başa çatdırıb


BP və tərəfdaşlarının Azərbaycanda əməliyyatçısı olduğu ixrac boru kəmərləri boyunca yerləşən icmaların inkişafına yönəlmiş daha üç sosial layihə uğurla başa çatıb. SİA xəbər verir ki, layihələr BP və tərəfdaşlarının yerli icmaları dəstəkləmək və ölkənin təhsil və texnologiya sahəsində inkişafına töhfə vermək öhdəliyinin bir hissəsidir.

Bu üç layihənin uğurla başa çatmasını qeyd etmək üçün BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli BP və tərəfdaşlarının bir qrup nümayəndəsi ilə birlikdə aprelin 14–16-da Kürdəmir, Gəncə və Tovuza səfər edib.

B. Aslanbəyli bildirib ki, BP və tərəfdaşları boru kəmərləri boyunca güclü və dayanıqlı icmaların formalaşması üçün öz dəstəklərini davam etdirirlər: “Ölkənin dayanıqlı gələcəyinə birlikdə töhfə vermək istəyimizə uyğun olaraq, icmalara bu davamlı dəstəyimiz onların rifahının və inkişafının təmin edilməsinə xidmət edir. İnanırıq ki, bu gün uğurunu qeyd etdiyimiz hər üç layihə əməliyyatlarımızın qonşuluğunda yerləşən icmaların rifahına və inkişafına ciddi dəstək olacaq.”

Tamamlanmış üç layihədən birincisi BP və tərəfdaşlarının birgə layihəsi olan “Məcburi köçkünlər üçün peşə bacarıqlarının inkişafı” proqramıdır. Layihənin əsas məqsədi Qarabağdan olan məcburi köçkünləri peşə bacarıqları ilə təmin etməklə, 30 illik işğaldan sonra öz evlərinə qayıtdıqda onların gəlir imkanlarını artırmaq idi. Layihə Kürdəmir rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün nəzərdə tutulmuşdu. Proqramda iştirak edən 25 qadın məcburi köçkün xüsusi təlim keçməklə dərzi və vizajist peşələri üzrə sertifikatlar alıblar. Peşə təlimi ilə yanaşı, iştirakçılara biznesin idarə edilməsi və inkişafı metodları da öyrədilib.

Azərbaycan hökumətinin dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq, layihə məcburi köçkünlərin azad edilmiş torpaqlarda evlərinə qayıdaraq firavan və dayanıqlı həyat qurmalarını nəzərdə tutan “Böyük Qayıdış” təşəbbüsünü dəstəkləyir.

Layihənin dəyəri 77 090 manat (təxminən 45 347 ABŞ dolları) təşkil edib. Layihə “İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilib.

Həyata keçirilən ikinci layihə BP və tərəfdaşlarının “Gəncə Texnologiya Universitetində kibertəhlükəsizlik sahəsində potensialın artırılması” layihəsidir. Layihənin məqsədi, dövlət və özəl sektordan olan şəxslər və təşkilatlar da daxil olmaqla, müxtəlif maraqlı tərəflərin kibertəhlükəsizlik risklərinə qarşı mübarizə aparmaq üçün bilik, bacarıq və səriştələrlə təmin edilməsidir. Layihə çərçivəsində Gəncə Texnologiya Universitetində yeni elmi-metodoloji tədqiqat və təlim mərkəzi yaradılıb ki, bu da universitetin və bütövlükdə Gəncə-Qazax iqtisadi regionunun kibertəhlükəsizlik potensialını artırmağa xidmət edəcək.

Layihənin dəyəri, zəruri avadanlıq və proqramların alınması da daxil olmaqla, 72 200 manatdan (42 475 ABŞ dolları) çox təşkil edib.

Üçüncü layihə – BP-nin ayrıca layihəsi olan “Tovuz rayonunda ənənəvi su mənbələrinin bərpası” proqramıdır.

Layihənin əsas məqsədi Tovuz rayonunun Aşağı Quşçu kəndi yaxınlığında yerləşən Dovşanlı və Məhəmmədağalı kəhrizlərinin bərpası vasitəsilə təmiz suya çıxışın azalması problemini həll etmək idi.

Layihə 2024-cü ildə kəhriz ustalarının – kankanların təlimi ilə başlayıb. Bundan sonra, iyun ayında hər iki kəhriz sisteminin təmizlənməsi və stabilləşdirilməsi üçün bərpa işlərinə başlanıb. Hazırda bu işlər uğurla başa çatıb və təxminən 15 000 nəfərdən ibarət Aşağı Quşçu icması təmiz su ilə təmin edilib.

Dovşanlı kəhrizinin suyu boru sistemləri vasitəsilə kəndə yönəldilib və hazırda məişət ehtiyacları üçün istifadə olunur.

Məhəmmədağalı kəhrizinin suyu isə kəndin əkin sahələrinə yönəldilib və 636 hektar icma torpaqlarının suvarılması üçün istifadə edilir.

Layihə “Puls-R” MMC tərəfindən həyata keçirilib.

Layihə ümumi dəyəri 1 milyon 282 min 227 manat (754 251 ABŞ dolları) olan “İcma tərəfindən idarə olunan su sistemləri” proqramının bir hissəsidir.

Əlaqəli Xəbərlər