“Zərifə xanım Əliyeva nümunəvi Azərbaycan qadını obrazını uğurla yarada bildi”


“Zərifə xanım Əliyeva Azərbaycan ictimai fikrində çox yüksək, böyük hörmətə malik olan bir insan kimi tanınır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, görkəmli dövlət xadimi Əziz Əliyevin övladı olmasına baxmayaraq o, özü öz adını tarixə yaza bilib: “Həkim, ictimai xadim, sonradan Azərbaycan tarixində böyük rol oynayacaq şəxslərin anası kimi Zərifə xanım bu gün də sevilir. Onun haqqında ən xoş xatirələr var.

Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı kimi daim ona dəstək olmuş, onun fəaliyyətinin daha yaxşı olması üçün məsləhətçi kimi, həyat yoldaşı kimi daim kömək göstərmişdir. Eyni zamanda sahib olduğu həkimlik peşəsində də böyük uğurlar qazanmışdır. Tibb elmləri doktoru, akademik, oftalmologiya sahəsində görkəmli mütəxəssis olan Zərifə Əliyeva keçmiş SSRİ məkanında tanınır və fikirlərinə böyük hörmət edilir.

Azərbaycan oftalmologiya məktəbinin əsasını qoyanlardan biri də məhz Zərifə xanım Əliyevadır. Bu gün Azərbaycanın bir çox görkəmli göz həkimləri məhz Zərifə xanımın tələbələridir. Zərifə xanım nümunəvi Azərbaycan qadını obrazını uğurla yarada bildi. Onunla bağlı xatirələr tanınmış insanın həyat yoldaşı ilə yanaşı, eyni zamanda çox yaxşı bir insan kimi də həmişə hörmətlə xatırlanır. İşlədiyi kollektivdə hamıya qarşı diqqətli olub. Xüsusi diqqət tələb edən insanların problemlərinin həllinə öz töhfəsini verib. Övladları Sevil xanım, İlham müəllimin Azərbaycana layiqli bir vətəndaş kimi böyüməsində Zərifə xanımın böyük xidməti vardır. Bu gün onun anım günündə hər birimiz Azərbaycan xalqının dəyərli xanımlarının içərisində Zərifə xanımın adını xüsusilə vurğulayırıq. Zərifə xanım nümunəvi Azərbaycan xanımı kimi həmişə xatirələrdə yaşayacaq”.

Əlaqəli Xəbərlər