2024-cü ildə Hesablama Palatasının apardığı auditlərin əhatə dairəsi genişlənib, kəmiyyət və keyfiyyəti yüksəldilib. SİA-nın xəbərinə görə, bunu Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, audit ediləcək sahəni (obyekti) müəyyənləşdirən zaman müxtəlif meyarlar üzrə risk qiymətləndirməsi, ölkə üçün əsas prioritetlər, strateji sənədlərlə təsdiqlənmiş hədəflər, iqtisadiyyatın əsas çağırışları diqqət mərkəzində olub: “Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”ndə fəaliyyətə dəstək olmaq məqsədilə ekoloji audit mövzuları iş planına daxil edilib. Hesabat ilində auditlərin əhatəsi genişlənib, kəmiyyət və keyfiyyətin yüksəldilməsinə nail olunub. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına dəstək məqsədilə bu ərazilərdə aparılan quruculuq-abadlıq işlərinə kənar dövlət maliyyə nəzarətini davam etdirmişik”.