Təsadüfi deyil ki, builki toplantının əsas mövzusu mediada uşaqların müdafiəsinə həsr olunub. Bu məsələ olduqca aktualdır və müxtəlif formatlarda, platformalarda geniş şəkildə müzakirə olunur. Demək olar ki, bütün ölkələrdə prioritet məsələlərdən biri kimi dəyərləndirilir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov aprelin 15-də Bakıda keçirilən Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısında çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, yeni nəsil bizdən fərqli olaraq yeni media, texnologiyalar və süni intellekt alətlərindən istifadə vərdişinə malikdir. Bu isə onların fiziki, əqli və mənəvi sağlamlığı üçün yeni risklər yaradır. Bu risklərin və uşaqların inkişafına mənfi təsirlərin qarşısını almaq üçün bütün yaş qruplarını əhatə edən media savadlılığına ciddi ehtiyac var.
Fazil Novruzov vurğulayıb ki, yalnız uşaqların deyil, valideynlərin də media savadlılığı ilə təmin edilməsi olduqca vacibdir: “Valideynlər övladlarının istehlak etdiyi media məhsullarına nəzarət etməlidirlər. Əgər valideyn özü mediadan aldığı hər bir məlumata tənqidi yanaşmadan inanırsa, onu yoxlamadan qəbul edirsə, bu, ciddi risklər yaradır. Çünki məhz həmin valideynlər övladlarına informasiya bolluğu içində necə davranmalı olduqlarını izah edə bilərlər”.
Şura rəsmisi qeyd edib ki, tənzimləyici orqan olaraq Audiovizual Şura, ilk növbədə, mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət edir və bu, qurumun əsas vəzifələrindən biridir.