“Çin-Azərbaycan münasibətləri öz tarixinin yüksək mərhələsinə qədəm qoyub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, bir il bundan əvvəl Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb: “Strateji tərəfdaşlığın həm ikitərəfli münasibətlər üçün yarada biləcəyi mümkün hüquqi şərtlər, həm də sinxron hərəkət etmək üçün ortaq öhdəliklər gətirəcək qədər səciyyəvi xüsusiyyətləri var. Nəticə etibarilə bu gün Çin qlobal cənubun əsas mərkəzi qismində çıxış edir. Çinin Avropaya yönələn strateji kommunikasiyalarının əksəriyyəti bir yol layihəsi çərçivəsində Azərbaycan üzərindən Qərbə yönəlir.
Dolayısı ilə həm Çin-Azərbaycan arasında tarixi əlaqələr, həm də bugünkü milli maraqların uzlaşması iki ölkə arasında strateji tərəfdaşlığı zəruri edən şərtlər kimi çıxış edirdi. Buna görə də Azərbaycan Prezidenti 9 Aprel tarixində ADA Universitetində keçirilən Forum zamanı bir daha Çin-Azərbaycan münasibətlərinə xüsusi toxunaraq məhz Çin və Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq haqqında müqaviləni yada salmış oldu. Eyni zamanda Azərbaycan Prezidenti yeni bir tezis irəli sürərək Azərbaycanı qlobal cənubun tərkib hissəsi kimi xarakterizə etdi. Əgər biz yeni dünya nizamına doğru hərəkət edərkən Çin ağırlıqlı qlobal cənubdan danışırıqsa, Azərbaycanı da bunun tərkib hissəsi kimi görürüksə, demək, Çinlə Azərbaycan arasında münasibətlərin çox dərin və strateji perspektivləri var. Ona görə də Çin bu gün çoxqütblü dünyanın olmazsa olmazı mövqeyindədir”.
“Bəzi güc mərkəzləri vahid mərkəzdən idarə olunan təkqütblü dünya görmək istəyirlər. Bu strateji ağlın və gücün qarşısında duracaq çox azsaylı milli aktorlar ki, onlardan biri, bəlkə də birincisi Çindir. Yeni dünya nizamının çoxqütblü olması isə milli dövlətlər üçün yeni imkanlar və yeni perspektivlər deməkdir. Çünki orta və kiçikmiqyaslı dövlətlər böyük dövlətlərin təzyiqindən yalnız çoxsaylı qütblər olarsa, yayına bilərlər. Dünya siyasətində manevr etmək imkanları yarana bilər. Ona görə də düşünürəm ki, Azərbaycandakı strateji ağıl bunun fərqindədir. Ona görə də Çinlə münasibətlərə xüsusi diqqət yetirir. Əminik ki, bu münasibətlər uzunmüddətli perspektivdə iki ölkə arasında həm iqtisadi, həm humanitar, həm də siyasi müstəvidə daha dərin strateji üfüqlər açacaqdır” – deyə o, əlavə edib.