“Havalar istiləşir, bədən də bu dəyişikliyə reaksiya verir”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq və sağlam qidalanma mütəxəssisi Ceyhunə Yusifova deyib.
Onun sözlərinə görə, iştaha azalır, tez yoruluruq, halsızlıq hiss edirik: “Amma düzgün qidalanma ilə özümüzü çox rahat hiss edə bilərik.
1. Su qəbulu vacibdir – Səhər oyanan kimi 1 stəkan ilıq su içmək vərdiş olsun. Gün ərzində də mütləq 2,5 – 3 litr qazsız su içirik. Bədəni susuz qoymaq olmaz.
2. Yüngül yeməklər seçirik – Qızartmalardan, çox yağlı yeməklərdən qaçırıq. Sobanı, buxarı, qril üsulunu seçirik. Tərəvəz yeməkləri, göyərtili salatlar əla seçimdir.
3. Təzə göyərtilərdən istifadə edirik – İndi aprel ayıdır, şükür göyərti boldu: keşniş, şüyüd, kərəviz, yaşıl soğan, ispanaq. Bədənə vitamin verir, enerji qatır.
4. Zülal qəbulunu unutmuruq – Toyuq filesi, balıq, yumurta, kəsmik bu dövr üçün ideal qidalardır. Enerji verir, əzələ zəifliyinin qarşısını alır.
5. Minerallara diqqət – İstilik artanda bədən mineral itirir. Ona görə yeməklərdə azca təbii duz istifadə edə bilərik. Eyni zamanda qatıq, ayran kimi məhsullar da mineralları tamamlayır.
6. Yemək saatlarını düzgün seçirik – İsti vaxtda iştaha olmur deyə, yeməkləri ya səhər tezdən, ya da axşam sərin vaxtda yeməyə çalışırıq.
Yadda saxlayırıq: ac qalmaq olmaz! Sadəcə bədəni yormadan, yüngül və balanslı yeməklərlə özümüzü dəstəkləyirik”.