Aprelin 8-də Pakistanın Azərbaycandakı səfirliyi tərəfindən bu ölkənin Milli Gününün 85-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.
SİA xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Pakistanın Dövlət himnləri səsləndirilib.
Çıxış edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin iki ölkə arasındakı tarixi dostluq ənənələrindən danışaraq, ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümidvarlığını bildirib.
“Azərbaycan və Pakistan arasında qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq maraqlara əsaslanan uzunmüddətli münasibətlər mövcuddur. İllər ərzində ölkələrimiz bir-birinin yanında olmuş, diplomatik münasibətlərin hüdudlarını aşaraq mədəni, iqtisadi və strateji sahələri əhatə edən tərəfdaşlıq formalaşdırmışdır.
Son dövrlərdə hər iki ölkə rəhbərliyi arasında keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin bariz nümunəsidir”, – deyə səfir vurğulayıb.
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev çıxış edərək ölkələrimiz arasında münasibətlərin qarşılıqlı etimada əsaslandığını diqqətə çatdırıb, iqtisadi və mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib.
“2015-ci ilin mart ayında imzalanmış “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına mühüm təkan verdi”, – deyə o əlavə edib.
Nazir qeyd edib ki, əlaqələrin inkişafı istiqamətində, eyni zamanda, beynəlxalq tədbirlər zamanı birgə fəaliyyət, o cümlədən COP29-da Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən ikitərəfli görüş böyük əhəmiyyət daşıyır.
Sonra Pakistanın qazandığı nailiyyətlər, ölkənin turizm imkanları, tarixi abidələri barədə videoçarx nümayiş olunub.