“Azərbaycan Zəfər diplomatiyasını daha da genişləndirməlidir”


“Ermənistanın hərbi-siyasi təxribatları davam edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, bir tərəfdən Azərbaycanın mövqeləri intensiv surətdə atəşə tutulur: “Digər tərəfdən siyasi sahədə də ölkəmiz əleyhinə müxtəlif təxribatlar baş tutur. Bu, həm də erməni lobbisi təşkilatlarının ölkəmizi ləkələmək, hüquqi zəmində ölkəmiz haqqında müəyyən mənfi təəssüratlar yaratmaq məqsədilə edilməkdədir.

Vətən müharibəsində lokal xarakterli antiterror əməliyyatlarından sonra bu hücumlar aktiv görünməkdədir. Bütün bunların məqsədi sülh prosesinə zərbə vurmaq, Azərbaycanın tələblərini yerinə yetirməmək və sülh müqaviləsinin imzalanmasından yayınmaq xarakteri daşıyır. Uzun müddətdir ki, Azərbaycanın diplomatik fəaliyyəti həm ölkəmiz əleyhinə çirkin kompaniyaları ifşa etmək, eyni zamanda Azərbaycan siyasi gündəliyinə tezislərinə uyğun uğurlar əldə etməklə bağlıdır.

Bu yaxınlarda BMT-nin İnsan haqları Komitəsində Azərbaycanın təşəbbüsü ilə minalar haqqında qərarın qəbul olunması hesab edirəm ki, böyük uğurdur. Bu prosesi daha da genişləndirmək önəmlidir. İmkan vermək olmaz ki, ölkəmiz əleyhinə beynəlxalq miqyasda reallıqdan uzaq fikir formalaşsın. Azərbaycan Zəfər diplomatiyasını, qələbə reallıqlarını daha da genişləndirməlidir”.

Əlaqəli Xəbərlər