“Azərbaycan uşaq ədəbiyyatı sahəsində və uşaqların oxuma, mütaliə vərdişləri sahəsində təəssüf ki, bir çox ölkələrdən geridə qalır. Təbii ki, elm və texnikanın inkişafı, internetin mövcudluğu, uşaqların ekran bağlılığı bu problemi biraz daha da dərinləşdirir. Bunun həlli yolu həm müəllimlərdən, həm də valideynlərdən, eyni zamanda nəşriyyatlardan asılıdır. Təbii ki, biz müasir dövrün uşağına ekrana, telefona yaxud internetə baxmağı qadağa qoya bilmərik. Çünki bu fəaliyyətləri kitab oxumaq üçün qadağa etmiş olsaq, bu uşaqlarda kitaba qarşı yenədə neqativ duyğu yaradacaq. Əksinə uşaqların kitaba yönəlməsi və mütaliə vərdişinin yaranması, həmçinin kitablarla maraqlanması üçün onların tələbatlarına uyğun kitabları təklif etməyi öyrənməliyik”. Bu sözləri SİA-ya açıqlamasında “Ağıllı bala” uşaq nəşriyyatının direktoru, uşaq yazıçısı Fatimə Alxaz deyib.
Əslində biz bəzən deyirik ki, uşaqların kitaba marağı yetəri qədər deyil: “Amma bu əslində demək olar ki, belə deyil. Çünki keçirdiyimiz uşaq kitab sərgilərində görürük ki, uşaqlar çox sayda festivallara, həmçinin kitabları sərgilərinə gəlirlər. Məhz bu yerlərdə onları maraqlandıran kitabları əldə edəndə oxumaq üçün həvəsli olurlar. Mən düşünürəm ki, uşaqların ümumiyyətlə kitaba marağı az deyil. Onları maraqlandıran kitablar azdır. Uşaq ədəbiyyatı sahəsində müasir dövrün uşaqlarını maraqlandıran kitab çeşidi azdır. Biz uşaq yazıçıları və naşirlər olaraq hər sahədə maraqlı kitablar yazmalıyıq ki, hər bir uşaq öz maraq dairəsinə uyğun,onu maraqlandıran, həyəcanlandıra bilən kitabları əldə edə bilsin. Eyni zamanda məktəb kitabxanalarının zənginləşməsidə çox önəmlidir. Çünki uşaqlar daha çox saatda məktəbdə olurlar. Bu saatlarda kitabxanaya gedib, kitab əldə etmək daha asan olur”.
Uşaq yazıçısı qeyd edir ki, sevindirici haldır ki, müəllimlər, xüsusilə ibtidai sinif müəllimləri uşaqlarla kitab klubları yaratmağa başlayırlar və bu da uşaqları mütaliə üçün həvəsləndirir: “Bu çox önəmli bir məsələdir. Çox yaxşı olar ki, kütləvi şəkildə məktəblərdə oxu klubları yaradılsın və uşaqlar sinif kitabxanalarından alınmış kitablarla mütaliə etsinlər. Zaman keçdikcə öz kitablarını alıb, fərdi kitabxanalarını zənginləşdirsinlər. Burada valideynlərə də çox iş düşür. Uşaqlar hər dəfə kitablı tədbirlərdə olsunlar. Artıq getdikcə bu hərəkət uşaqlarda vərdiş, ənənə halına keçsin”.