“Biz informasiya cəmiyyətində yaşayırıq və bu informasiya cəmiyyətinin özünəməxsus xüsusiyyətləri vardır. İnformasiya cəmiyyəti, informasiya-kommunikasiya texnologiyalarının inkişafı baxımından yüksək göstəricilərə malik bir cəmiyyətdir. İnsanlar üçün kifayət qədər sürətli ünsiyyət-kommunikasiya fəaliyyət imkanları mövcuddur. Bu insanlar həyatını asanlaşdırmaq, işləri sürətləşdirmək, daha operativ fəaliyyət göstərmək üçün çox geniş imkanlar yaradan bir cəmiyyətdə yaşayırlar”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov deyib.
Onun sözlərinə görə, əlbətdəki hər bir elmi-texnoloji inkişaf özü ilə müsbət yeniliklər gətirdiyi kimi insanların həyatında bir sıra sosial problemlərə də yol aça bilir: “Müasir dövrdə insanlar həddindən çox informasiya axınına məruz qalırlar. Həmçinin bir gün ərzində bir insan saysız-hesabsız informasiya təsirinə məruz qalır. Hər bir insanın əlində olan smartfonlar, onların gün ərzində çoxlu informasiya qəbul etməsinə şərait yaradır.
Bu bir tərəfdən müsbət hal kimi dəyərləndirilsə də, digər tərəfdən isə mənfi hallar qeyd olunur. İlk növbədə bu hal insanlarda telefon asılılığı yaradır. İnsanlar bu vəziyyətdə elə bilki proqramlaşır. Bundan əlavə radikal, mahiyyətli videoçarxların, kəskin sujetlərin izlənilməsi, kiçik yaş qruplarına uyğun olmayan videoların sosial şəbəkələrdə yer alması cəmiyyətdə mənəvi-əxlaqi baxımdan bir deqredasiyaya səbəb olur.
Bundan başqa insanlar o qədər proqramlar üzrə hərəkət edir ki, sanki özləri robotlaşmağa başlayır. Digər tərəfdən radikal səhnəciklərin izlənilməsi isə zobbiləşməyə yol açır. Həmçinin diqqətsizlik yaradır, ətraf mühitə adekvat reaksiyaların olmaması hissini formalaşdırır. Bununla yanaşı məsuliyyətsiz davranışlara yol açır. İnsanların informasiya axınına düşməsi, axın içərisində olan sosial problemləri ortaya çıxarmağa şərait yaradır”.