Ceyhun Bayramov Mehdi Sənayi ilə görüşüb


Aprelin 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb.

SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Azərbaycan və İran arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycan-İran münasibətlərinin inkişafında qarşılıqlı səfərlərin və təmasların, o cümlədən mövcud siyasi dialoqun vacibliyi vurğulanıb, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd olunub.

İki ölkə arasında bir sıra, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın perspektivlərini müzakirə edən tərəflər xüsusilə Azərbaycan və İran tərəfindən birgə icra olunan bir sıra layihələrin regionumuzdan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının müvafiq sahələr üzrə mövcud əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli platforma olduğu diqqətə çatdırılıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), D-8 çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər