İldə bir dəfə hamı özünü yalan danışmağa borclu hiss edir, ya da belə deyək, həmin gün yalan əsəbiləşdirmir və bir qayda olaraq, buna gülüb keçirik.
Bu gün 1 aprel-Ümumdünya gülüş günüdür.
Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur.
Bu günü Böyük Britaniyada “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırırlar. SİA bu günün tarixçəsi ilə bağlı qısa məlumatı təqdim edir:
Bu günün tarixçəsi ilə bağlı ən çox yayılmış versiyanın kökü qədim Romaya çıxır.
Hər şey isə qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər.
Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də sona çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdilər.
Rusiyada gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb və adamlar arasında təşviş yaranıb.
Tezliklə bu ənənə bütün dünyada, o cümlədən Azərbaycanda yayılıb.
Mətbuatda edilən məşhur zarafatlardan biri 1957-ci ildə BBC-nin məşhur “Panorama” verilişində səslənib: havaların isti keçməsi səbəbindən ağaclarda spagetti yetişməyə başladığına adamlar, həqiqətən inanıblar. Sonda bunun bir zarafat olduğu məlum olub.
Azərbaycanda bəzən bu gün “Aldatma günü” kimi də qeyd olunur. Yumor hissinizi qoruyun və çalışın aldanmayasınız.