Mingəçevir şəhərinin Şəhidlər xiyabanında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər sakinləri “Azərbaycanlıların soyqırımı” abidə-kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər. Soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, 1918-ci ilin mart-aprel aylarında böyük əksəriyyəti ermənilərdən ibarət olan daşnak-bolşevik silahlı birləşmələri tərəfindən Bakı şəhərində, habelə Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər bölgələrimizdə on minlərlə dinc azərbaycanlı etnik və dini mənsubiyyətinə görə kütləvi surətdə qətlə yetirilib, soydaşlarımız işgəncələrə məruz qalıb. Bu qanlı hadisələrdən 107 il ötür. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olunmaqla, soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi məqsədilə müvafiq tədqiqatların aparılmasına, həqiqətlərin üzə çıxarılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Diqqətə çatdırılıb ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinin beynəlxalq səviyyədə tanınması və soyqırımı qurbanlarının xatirəsinin anılması bəşəriyyət əleyhinə törədilmiş belə cinayətlərin bir daha təkrarlanmaması baxımından olduqca vacibdir.