Almaniyalı siyasətçi sürücülük hüququndan məhrum edilib


Almaniyalı siyasətçi, Xristian Demokrat İttifaqının (CDU) sabiq sədri Armin Laşet yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün sürücülük hüququnu itirib. SİA yerli mediaya istinadla xəbər verir ki, tanınmış siyasətçi doğma şəhəri Aaxendə sürət həddi saatda 50 kilometr olan yolda avtomobilini saatda 97 kilometr sürətlə idarə edərkən radara düşüb. Armin Laşet ötən ilin iyulunda törətdiyi bu qayda pozuntusuna görə 428,5 avro cərimə ödəməli olacaq. Bundan başqa, bu qayda pozuntusu ona 2 cərimə balına və sürücülük hüququnun bir ay müddətinə itirməsinə başa gəlib.

Cərimə ilə bağlı qərara etiraz edən siyasətçi avtomobili yüksək sürətlə idarə etməsini tanımadığı şəxslər tərəfindən təqib olunması ilə əsaslandırmağa çalışıb. O, Şimali Reyn-Festfaliya əyalətinin Baş naziri olduğu dövrdə aldığı ölüm təhdidlərini xatırladıb. Lakin polis təqiblə bağlı hər hansı sübut aşkar etmədiyi üçün Armin Laşet qərara etirazdan imtina edib və cəriməni ödəyəcəyini bildirib.

Xatırladaq ki, 64 yaşlı Armin Laşet 2017-2021-ci illərdə Şimali Reyn-Festfaliya əyalətinin Baş naziri, 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarınadək CDU-nun lideri olub.

Əlaqəli Xəbərlər