Asiya İnkişaf Bankı (ADB) “Asiya və Sakit Okean hövzəsində şəhərlər üçün daha ekoloji, dayanıqlı və inklüziv yanaşmaların tətbiqi” layihəsinin reallaşdırılması üçün 2,1 milyon ABŞ dolları məbləğində texniki yardımı təsdiqləyib. SİA banka istinadən xəbər verir ki, layihə Azərbaycan, Ermənistan, Banqladeş, Kamboca, Monqolustan, Nepal, Filippin, Marşal adaları, Solomon adaları və Özbəkistanı əhatə edir.
Layihənin maliyyələşdirilməsi Şəhər Maliyyələşdirmə Partnyorluğu Mexanizmi çərçivəsində Şəhər Dayanıqlılığı üzrə Məqsədli Fond (1 milyon ABŞ dolları), Su İnovasiyaları üzrə Məqsədli Fond (500 min ABŞ dolları) və Yüksək Texnologiyalar Fondunun (600 min ABŞ dolları) vəsaitləri hesabına həyata keçiriləcək.
Layihənin məqsədi inkişaf etməkdə olan ölkələrə əsas investisiya təşəbbüslərinin, o cümlədən ekoloji cəhətdən dayanıqlı, iqlimə davamlı və inklüziv inkişaf üçün inteqrasiya olunmuş həllərin layihələndirilməsi və qiymətləndirilməsində dəstək verməkdir.
“Kompleks yanaşma müxtəlif donorlar tərəfindən maliyyələşdirilən əlavə sublayihələrin cəlb edilməsinə və onların ardıcıl olaraq həyata keçirilməsinə imkan verəcək. Bu, ayrı-ayrı təşəbbüslərlə müqayisədə tədbirlərin daha səmərəli həyata keçirilməsini təmin edəcək”, – ADB qeyd edir.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollardan çox, o cümlədən nəqliyyat layihələri üçün 1,5 milyard ABŞ dolları, enerji layihələri üçün isə 1,7 milyard ABŞ dolları kredit ayırıb.
Bundan əlavə, ADB səhiyyə, kənd təsərrüfatı və maliyyə sektorlarında layihələri dəstəkləyir.
Hazırda bank Azərbaycanla 2025-2029-cu illər üçün yeni Tərəfdaşlıq Strategiyasını hazırlayır. Prioritet sahələrə “yaşıl” infrastrukturun maliyyələşdirilməsi, su ehtiyatlarının idarə edilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ixracın diversifikasiyası və “yaşıl” bacarıqların inkişafı daxildir.
Əvvəlki tərəfdaşlıq strategiyası 2019-2023-cü illəri əhatə edirdi.
ADB 1966-cı ildə yaradılıb və baş ofisi Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın tərkibinə 69 ölkə daxildir ki, onlardan 49-u Asiya-Sakit okean regionunda yerləşir.