ABŞ-nin “Lockheed Martin” korporasiyası Tayvana ilk F-16C/D Block 70 qırıcısını verib. SİA bu barədə “Taipei Times” qəzetinə istinadən xəbər verir.
Döyüş təyyarəsinin təhvil verilməsi korporasiyanın Cənubi Karolina ştatının Qrinvil şəhərindəki zavodunda baş tutub.
Taybeyə təhvil verilən qırıcı 2019-cu ildə ABŞ Prezidenti Donald Trampın birinci hakimiyyəti dövründə Vaşinqton tərəfindən təsdiqlənmiş adaya silah satışı paketi çərçivəsində Tayvana veriləcək 66 yeni model F-16 təyyarəsindən biridir. Taybeyin bu təyyarələrdən birincisini 2023-cü ildə alacağı gözlənilsə də, çatdırılma bir sıra səbəblərə görə gecikib.
2026-cı ilin sonuna qədər 66 qırıcının təhvil veriləcəyi bildirilir.
Birləşmiş Ştatlar “vahid Çin” siyasətini tanımaqla yanaşı, Taybey administrasiyası ilə əlaqə saxlamağa və ona silah satmağa davam edir.