Xaricdə yaşayan soydaşlarımız milli adət-ənənələrimizi yaşadırlar


Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar doğma Vətənə bağlılıqlarını itirmir, xalqımızın bir-birindən gözəl milli dəyərlərinə sadiq qalırlar. Polşa, Danimarka, İspaniya, Litva, Estoniya, Fransadakı soydaşlarımız da adət-ənənələrimizi yaşatmaq, olduqları ölkələrdə təbliğ etmək məqsədilə millətimizin qədim bayramı Novruzu geniş şəkildə qeyd ediblər.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə Varşavada Novruz bayramı tədbiri keçirilib. Tədbirdə Polşadakı Azərbaycan Respublikasının diplomatik korpusu, Xalq rəssamı Əşrəf Heybət, TürkPol Assosiasiyasının üzvləri, Azərbaycana dost münasibətdə olan xalqların nümayəndələri iştirak ediblər. Azərbaycandan dəvət olunan musiqiçilər Ayaz Babayev və Nərgiz Məcidlinin ifaları tədbirə rəng qatıb. Milli və Qafqaz rəqsləri iştirakçıların marağına səbəb olub. Qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarını, o cümlədən müxtəlif şirniyyatları dadıblar.

Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Novruz bayramı tədbirində Azərbaycanın zəngin mədəni irsi və qədim adət-ənənələri barədə iştirakçılara geniş məlumat verilib. Novruzun rəmzlərindən biri olan yumurta döyüşü böyük maraq və həyəcanla izlənilib. Azərbaycan Dövlət Filarmoniyasının rəqs ansamblının solisti Nigar Hüseynovanın tələbələrinin ifasında təqdim olunan milli rəqslər, xüsusilə də “Uzundərə” rəqsi uzun müddət alqışlarla qarşılanıb. Azərbaycanın və Özbəkistanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının möhtəşəm ifaları isə tədbirə xüsusi rəng qatıb.

İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan bayram tədbirində bu şəhərdə yaşayan soydaşlarımız, eləcə də ölkəmizlə dost münasibətdə olan xalqların nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində qədim Novruz adət-ənənələri nümayiş etdirilib, Novruz atributları ilə bəzədilmiş xonçalar qonaqlara təqdim olunub. Musiqi, rəqs və milli oyunlarla müşayiət olunan tədbir qonaqlara unudulmaz anlar yaşadıb.

Litvanın Klaypeda şəhərində “Azəris”in təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib. Tədbirə Litva seyminin deputatı, Klaypeda şəhərinin keçmiş meri Vytautas Qrubliauskas, eləcə də Ukrayna, Belarus, Tatar və Alman icmalarının nümayəndələri qatılıblar. Bayram tədbirində Klaypeda həftəsonu Azərbaycan məktəbinin şagirdləri milli rəqslərimizi nümayiş etdiriblər. Qonaqlar üçün bayram süfrəsi açılıb, iştirakçılar ənənəvi bayram tonqalı ətrafında bir araya gələrək Novruzun simvolik anlamını birlikdə yaşayıblar.

Estoniyada fəaliyyət göstərən “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə milli mətbəx günü keçirilib. Tədbirdə soydaşlarımızla yanaşı, estonlar da iştirak ediblər. Onlar Azərbaycan mətbəxinə aid dolma, plov, şəkərçörək hazırlayaraq bu ləziz təamların dadına baxıblar.

Fransanın Mayenne şəhərində keçirilən Novruz bayramı tədbirində ölkəmizi Azərbaycan Mədəniyyət Assosiasiyası (Association Culturel d’Azerbaijan en Mayenne – ACAM) təmsil edib. Tədbirdə soydaşlarımızla yanaşı, Azərbaycanla dost münasibətdə olan xalqların nümayəndələri iştirak ediblər. Müxtəlif xalqların musiqi və rəqsləri nümayiş olunub, milli mətbəximizin nümunələri qonaqlara təqdim olunub. Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Mirzə Məmmədov mədəniyyətimiz və milli dəyərlərimiz, eləcə də qədim Novruz adət-ənənələri haqqında məlumat verib, Azərbaycan musiqilərindən nümunələr ifa edib.

Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” məktəbində Novruz bayramı qeyd edilib. Məktəblilər Novruz bayramı, onun adət-ənənələri ilə bağlı məlumatlandırılıblar. Məktəblilərə ölkəmizdəki bayram adət-ənənələrindən danışılıb, Novruz xonçası bəzədilib. Məktəblilər yumurta boyayıb, papaq atıblar.

Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbinin şagirdləri Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə xalqımızın milli adət-ənənələrini özündə birləşdirən Novruz bayramını qeyd ediblər. Şagirdlər Novruz bayramı münasibətilə ədəbi-musiqili proqram nümayiş etdiriblər. Novruz bayramına həsr olunmuş şeirlər söylənilib, mahnılar, rəqslər ifa edilib, səhnəciklər göstərilib. Bahar qızının rəqsi və mahnısı tədbirə daha da gözəllik gətirib. Novruzun personajları sayılan Kosa və Keçəl isə öz iştirakları ilə uşaqların sevincini daha da artırıb.

Əlaqəli Xəbərlər