Kolonial sistem xalqları öz müqəddəratını təyin etmək kimi fundamental hüququndan məhrum edir və onları xarici nəzarətə tabe olmaq məcburiyyəti qarşısında qoyur. SİA xəbər verir ki, bu barədə Boneyrdən olan hüquq müdafiəçisi Joselin de Haak Bakıda keçirilən “Kolonializm: milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Boneyrin sakinləri kolonizasiya nəticəsində özünüidarəetməni itirdikdən sonra öz torpaqlarını müstəqil idarə etmək və onların gələcəyini müəyyənləşdirən əsas qərarların qəbulu imkanından məhrum olublar.
“Özünüidarəetmə dövründə belə hallar baş vermirdi. Biz öz ərazimizə və xalqımıza nəzarət edirdik. İndi bizim üçün bütün qərarları özümüz yox, kənar qüvvələr verir”, – o qeyd edib.
De Haak vurğulayıb ki, müstəmləkə sistemi yerli xalqları kölgəyə salır, onları müstəqilliyin itirilməsi ilə barışmağa məcbur edir: “Lakin müstəmləkə zülmünə baxmayaraq, Boneyr xalqı təslim olmaq niyyətində deyil və öz ayrılmaz hüquqları uğrunda mübarizəni dayandırmayacaq”.
“Bizi yer üzündən silməyəcəklər, bizim inamımız və milli kimliyimiz satılmır. Boneyr öz xalqına məxsusdur və biz öz müqəddəratımızı təyin etmək hüququmuz uğrunda mübarizəni davam etdirəcəyik”, – o vurğulayıb.