Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində sərgi açılıb. SİA xəbər verir ki, sərgidə Fransanın müstəmləkəçilik siyasətinin fəsadlarını əks etdirən fotolar, eləcə də Fransa prezidenti Emmanuel Makronun karikaturaları yer alıb.
Fotolarda Fransanın müxtəlif vaxtlarda müstəmləkə ölkələrində törətdiyi insanlığa sığmayan cinayətlər, kolonializmin qurbanları, siyasi məhbuslara diqqət çəkilib.
Sərgidəki fotolar, sözün əsl mənasında haqqını azadlığını tələb edən insanların ən qəddar üsullarla susdurulmasından, müstəmləkə ölkələrində qeyri-insani davranışlardan danışır.
Qeyd edək ki, “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda keçirilən beynəlxalq konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən – Qvadelupa, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbusların ailə üzvləri iştirak edirlər.