Qrenlandiya ABŞ ilə Danimarka arasında diplomatik münaqişənin mərkəzindədir


ABŞ-ın vitse-prezidenti C.D.Vens və xanımı Uşanın cümə gününə planlaşdırılan Qrenlandiya səfəri Vaşinqtonla Kopenhagen arasında münasibətlərdə gərginlik mənbəyinə çevrilib. SİA xəbər verir ki, səfərin ilkin olaraq qeyri-rəsmi olması nəzərdə tutulurdu: vitse-prezidentin həyat yoldaşı Uşa Vensin adaya Qrenlandiya mədəniyyəti ilə tanış olmaq, o cümlədən itlərin xizək yarışında iştirak etməsi planlaşdırılırdı.

Lakin sonradan milli təhlükəsizlik müşaviri Mayk Uolts və energetika naziri Kris Rayt nümayəndə heyətinə qoşulmaq qərarına gəliblər. Bu, xüsusilə səfərin rəsmi razılaşdırılmadığını nəzərə alsaq, Danimarkada təəccüb və narahatlıq yaradıb.

Nəticədə Amerika tərəfi qəfil planlarını dəyişib: müşavir və nazirin iştirakı olmadan baş tutacaq səfər Pituffik kosmik hərbi bazasına səfərlə məhdudlaşacaq.

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen planların dəyişdirilməsini “aydın deeskalasiya” adlandırıb və Kopenhagenin diplomatiyasının uğuruna eyham vurub.

Bununla belə, iki ölkə arasında gərginlik artmaqda davam edir.

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya məsələsinin beynəlxalq təhlükəsizlik mövzusu olduğunu bildirərək deyib: “Çox üzr istəyirəm, amma biz Qrenlandiyaya sahib olmalıyıq”.

Danimarkanın baş naziri Mette Frederiksen dərhal “Facebook” statusu ilə cavab verərək həm Qrenlandiya, həm də Danimarkaya qəbuledilməz təzyiqlər edildiyini və ölkəsinin Şimali Avropa və onun qitədəki müttəfiqlərinin tam dəstəyinə malik olduğunu vurğulayıb.

Eyni zamanda, Qrenlandiyanın şəhərlərində ABŞ nümayəndə heyətinin səfərinə etiraz aksiyaları keçirilib. İstefa verən hökumətin başçısı Mute Burop Eqede onunla rəsmi görüşlərin planlaşdırılmadığını bildirib.

Ekspertlərin fikrincə, planların dəyişməsinə həm beynəlxalq mənfi reaksiyalar, həm də Qrenlandiyada daxili etirazlar səbəb ola bilər. Analitiklər hesab edirlər ki, təşəbbüs Arktikada təsirin artırılması məsələsində öz komandasını fəallaşdırmağa çalışan D.Trampın özündən gəlir.

Əlaqəli Xəbərlər