Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir


Azərbaycan və Türkiyə arasındakı dostluq, siyasi və iqtisadi əməkdaşlıq tarixi köklərə, ortaq maraqlara, qarşılıqlı dəstəyə və gələcəyə yönəlmiş strateji hədəflərə söykənir. Naxçıvan Azərbaycan-Türkiyə əlaqələrində aparıcı rol oynayır. Türkiyə Muxtar Respublikanın təhlükəsizliyinə tarixən xüsusi önəm verib.

Azərbaycan və Türkiyə prezidentlərinin iki ölkəni birləşdirən növbəti qaz kəmərini istifadəyə verməsi əlamətdar hadisə kimi tarixə düşdü. Azərbaycanın ayrılmaz hissəsi, bir əsrdən artıq müddətdir ölkənin əsas ərazisi ilə quru bağlantısı olmayan Naxçıvanın enerji təminatında əhəmiyyətli rol oynayan İğdır-Naxçıvan qaz kəməri istifadəyə verildi.

Belə layihələrin davamı olaraq Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması regionun iqtisadi potensialının açılmasına, o cümlədən Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcək. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi regionun iqtisadi potensialının açılmasında mühüm rol oynayacaq. Dəmir yolunun açılması Naxçıvan, İğdır və Qars bölgələri beynəlxalq ticarət və yükdaşıma üçün əsas logistik mərkəzlərdən birinə çevriləcək, Zəngəzur dəhlizi və Orta Dəhlizlə əlaqələndirilərək, Türk dövlətlərinin iqtisadi əməkdaşlığını gücləndirəcək, tarixi və mədəni turizm potensialı inkişaf edəcək, Azərbaycanın enerji resursları Türkiyə və Avropa bazarlarına daha səmərəli yollarla çatdırılacaq. Dəmir yolu xətti Dilucudan Qarsa səyahət müddətini 85 dəqiqəyə endirəcək, həm sərnişinlər, həm də yük daşımaları üçün böyük rahatlıq yaradacaq.

Bu marşrut mövcud Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə alternativ kimi nəzərdə tutulub, eyni zamanda Avropa və Asiya arasında ticarət əlaqələrini genişləndirəcək, beynəlxalq yük daşımalarında yeni perspektivlər yaradacaq. Prezident İlham Əliyevin dəmir yumruğu ilə bölgədə yaranan yeni reallıqlar fonunda dövlət başçısının polad iradəsi ilə həyata vəsiqə almaqda olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda beynəlxalq ticarətə yeni imkanlar yaradacaq.

Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi çərçivəsində iki ölkə arasında yeni nəqliyyat əlaqəsi təmin ediləcək, Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq. Bu yol Qars stansiyaya alternativdir. Bununla yanaşı, Türkiyə ilə Azərbaycanı birləşdirən Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə Naxçıvana qoşulmaqla, dəhlizə çıxmaq mümkün olacaq.

Bu dəmir yolun açılması Zəngəzur dəhlizinin Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkan yaradacaq. Gələcəkdə yeni dəhliz işə başlayanda Qafqazla sərhəddə yerləşən bölgələrin nəqliyyat və enerji sahəsi iqtisadi cəhətdən güclənəcək. Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir və yalnız Türkiyə ilə Azərbaycanı birləşdirməklə kifayətlənmir, eyni zamanda qlobal nəqliyyat və ticarət marşrutlarının əsas arteriyalarından birinə çevriləcək.

Bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycan, Türkiyə və region ölkələrinin iqtisadiyyatı daha da güclənəcək, xüsusilə də Naxçıvanın blokadadan çıxması böyük iqtisadi sıçrayışa səbəb olacaq.

Qardaşlıq münasibətləri sayəsində hər iki dövlət son illərdə böyük irəliləyişlər əldə edib, əməkdaşlıq bütün sahələrdə böyük inkişaf yolu keçib. Bu layihə hər iki ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına zəmin yaradacaq.

Əlaqəli Xəbərlər