XII Qlobal Bakı Forumu – Qlobal problemlərin həllinə yeni yanaşmalar


Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

izami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2025-ci il martın 13-15-də XII Qlobal Bakı Forumu keçirildi. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.

Forumun əsas məqsədi, beynəlxalq əməkdaşlığı gücləndirmək, iqtisadi inkişafı sürətləndirmək, texnoloji yenilikləri təşviq etmək və qlobal təhlükəsizlik məsələlərində yeni yanaşmalar ortaya qoymaqdır. Bakı Forumu beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaratmışdır.

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan budəfəki forum xüsusilə son zamanlar aktual olan məsələləri əks etdirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib. Prezident İlham Əliyev Qlobal Bakı Forumunun dünya miqyasında əhəmiyyətini, onun beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm bir platforma olduğunu qeyd edərək, forumun məqsədinin qlobal problemlərin həlli yollarını müzakirə etmək və dünya ictimaiyyətinə yeni perspektivlər təqdim etmək olduğunu bildirib: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün üzvlərinə, onun İdarə Heyətinə, həmsədrləri – xanım Vayra Vike Freyberqaya, cənab İsmayıl Serageldinə Mərkəzin həqiqətən böyük transformasiyasına verdikləri töhfəyə və dünya miqyaslı fəaliyyətinə görə minnətdarıq. Həmçinin söyləmək istəyirəm ki, Beynəlxalq Mərkəzin üzvlərinin Azərbaycanda ötən ilin noyabrında keçirilmiş COP29 tədbirində fəal iştirakını görməkdən çox məmnun olduq. Mərkəzin bəzi üzvləri Məşvərət Komitəsində iştirak edirdilər. Mərkəz 16 panel müzakirəsi keçirdi. Əslində, onlara ev sahibliyi etdi, onları təşkil etdi və öz pavilyonu ilə daha çox panel müzakirələrdə iştirak etdi. Bir sözlə, həqiqətən, bu, COP29-un uğuruna böyük töhfə idi. Bu, ötən il Azərbaycanda əsas beynəlxalq tədbir idi”.

XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olundu.

Bu gün Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış edərək beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və ərazi bütövlüyünün bərpası ölkəmizə olan marağı daha da artırıb. Strateji coğrafi mövqeyi sayəsində Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşağına çevrilib. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında regionda sabitliyin və inkişafın təmin olunmasına çalışır. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, etibarlı siyasəti və yaradılan əlverişli biznes mühiti Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarının durmadan genişlənməsini təmin edir. Müzəffər Ali Baş Komandan müharibənin ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndiyini söylədi: “İndi biz sülh haqqında danışırıq. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanıb. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanıb. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanındı. Müharibə bitdikdən sonra isə hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü”.

Prezident İlham Əliyev Forumda, həmçinin çıxışında, dünya düzənindəki dəyişikliklər və qlobal çağırışların yeni perspektivlər yaratma potensialı barədə fikirlərini bölüşüb. O, həmçinin, Azərbaycanın beynəlxalq arenada oynadığı mühüm rolu vurğulayıb və ölkənin dünya iqtisadiyyatı və təhlükəsizliyi sahəsindəki müsbət töhfələrini qeyd edib.

XII Qlobal Bakı Forumunda qlobal miqyasda mövcud olan siyasi, iqtisadi və sosial məsələlərə dair geniş müzakirələr aparılıb. Azərbaycan bir daha özünü qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir dövlət kimi təqdim etdi. Ümümiyytlə, bu cür forumlar beynəlxalq əməkdaşlıq və fikir mübadiləsini təşviq edərək, qlobal problemlərin həllinə yeni yanaşmalar təklif etməyə çalışır.

Əlaqəli Xəbərlər