Bu gün İstanbulda Böyükşəhər və Beylikdüzü bələdiyyələrinin sədr müavinləri vəzifələrinə seçkilər keçirilir.
SİA xəbər verir ki, Beylikdüzü rayonu üzrə səhər saatlarında başlanan səsvermə artıq yekunlaşıb. Seçkilərin nəticələrinə görə İstanbulun Beylikdüzü Bələdiyyəsinin sədr müavini vəzifəsinə Önder Serkan Çebi təyin edilib.
Saat 1-dən etibarən İstanbul Böyükşəhər Bələdiyyəsi üzrə başlayacaq seçkidə bələdiyyə məclisinin 314 üzvü səs verəcək.
Qeyd edək ki, bu bələdiyyələrin məclis üzvləri arasında Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri çoxluq təşkil edir.
Xatırladaq ki, martın 23-də məhkəmə prosesi nəticəsində həbsinə qərar verilən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başçısı Əkrəm İmamoğlu, şəhərin Beylikdüzü ilə Şişli rayon bələdiyyələrinin sədrləri Mehmet Murat Çalık və Resul Emrah Şahan müvəqqəti tədbir olaraq vəzifələrindən kənarlaşdırılıblar. İstanbul Valiliyinin qərarı ilə Şişli kaymakamı bu rayon üzrə bələdiyyə sədrinin vəkili olaraq təyin edilib.