Bakıda ötən ilin noyabr ayında keçirilmiş Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm platformaya çevrildi. SİA xəbər verir ki, bunu Braziliyanın vitse-prezidenti Jeraldo Alkmin ölkənin nüfuzlu maliyyə qəzeti “Valor Econômico”nun təşkil etdiyi “Rumos 2025” (İstiqamətlər-2025) tədbirində bildirib.
Onun sözlərinə görə, Bakıda keçirilən beynəlxalq tədbir “yaşıl iqtisadiyyat” və dayanıqlı inkişaf sahəsində qlobal əməkdaşlıq üçün yeni perspektivlər açıb.
“COP29 çərçivəsində Braziliyanın təqdim etdiyi ekoloji və iqtisadi təşəbbüslər ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolunu daha da gücləndirmək niyyətini ortaya qoydu. Braziliya istixana qazı emissiyalarını 2035-ci ilə qədər 59-67 % azaltmağı hədəfləyib”, – deyə J. Alkmin bildirib.
O, həmçinin COP30-un Braziliyada keçiriləcəyini xatırladaraq, bunun ölkəsi üçün böyük imkanlar yaradacağını qeyd edib.
“Biz enerji keçidinə xüsusi önəm veririk və Braziliya bu sahədə mühüm nümunədir. Ölkəmizin elektrik enerjisinin təxminən 90 %-i su, günəş, külək və biokütlə kimi bərpa olunan mənbələrdən əldə edilir. Bu, bizim üçün böyük üstünlükdür. Biz karbon bazarının tənzimlənməsi, “yaşıl hidrogen” istehsalı və davamlı sənaye inkişafı istiqamətində ciddi addımlar atırıq. Bu sahədə beynəlxalq əməkdaşlıq bizim üçün prioritetdir”, – deyə Braziliyanın vitse-prezidenti əlavə edib.