Türkiyədə orta təhsil formulu yenidən nəzərdən keçirilə bilər


Türkiyədə 2012-ci ildən tətbiq olunan orta təhsilin 4+4+4 modeli yenidən nəzərdən keçirilə bilər. SİA xəbər verir ki, Türkiyənin milli təhsil naziri Yusuf Tekin yerli televiziya kanallarından birinin efirində gənclər arasında orta ixtisaslı kadr çatışmazlığı mövzusuna münasibət bildirib.

“Orta ixtisaslı kadr çatışmazlığının səbəblərindən biri kimi 12 illik orta təhsil sistemi göstərilir. Bu məsələni müzakirə etməyə hazırıq. Əgər problem həqiqətən də buradadırsa, qanunvericiliyə dəyişikliklərin edilməsi istisna edilmir”, – deyə nazir qeyd edib.

Türkiyə mediasının məlumatına görə, kadr çatışmazlığı əvvəlcə tekstil sektorunda başlayıb və tədricən iqtisadiyyatın müxtəlif sahələrinə yayılıb. Sahibkarlar istehsal gücünün artması fonunda gənc kadr çatışmazlığından şikayətlənirlər.

Hökumətin səylərinə baxmayaraq, gənclər texniki və peşə liseylərinə kifayət qədər maraq göstərmir, istehsalatda işləmək istəmirlər.

Bu səbəbdən liseylərdə dördillik təhsil müddətinin yenidən nəzərdən keçirilməsi ilə bağlı çağırışlar səsləndirilir.

Əlaqəli Xəbərlər