ŞKTC və Azərbaycan enerji və turizm sahələrində fəal əməkdaşlıq edə bilərlər


Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTR) və Azərbaycan arasında xüsusən də enerji sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Turizm sahəsində də fəal əməkdaşlıq imkanı var. SİA xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Milli Məclisin Azərbaycan – ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Türk Kiprinin lideri Türkiyə, ŞKTR və Azərbaycan xalqlarının tarixi və mədəni ortaq dəyərlərinə diqqət çəkərək, “Bir millət, üç dövlət” ifadəsinin əhəmiyyətini vurğulayıb.

O, ŞKTC-ni “ən cənubdakı türk dövləti” adlandıraraq, Bakı ilə Lefkoşa arasında Türkiyə ərazisindən keçməklə birbaşa aviareyslərin tezliklə açılacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, Lefkoşa azərbaycanlı tələbələrin Şimali Kiprdəki universitetlərdə sayının artırılmasını da dəstəkləyir.

Dövlət başçısı nümayəndə heyətinin üzvlərindən Azərbaycan xalqına, dövlət xadimlərinə və ölkəmizin qeyri-hökumət təşkilatlarının nümayəndələrinə səmimi salamlarını çatdırmağı xahiş edib.

Öz növbəsində, Cavanşir Feyziyev iki ölkə arasında yeni əlaqələrin qurulmasına diqqət çəkib.

Deputat Novruz bayramı münasibətilə ŞKTC-də olmaqdan məmnun olduğunu bildirərək, Lefkoşaya müxtəlif türk ölkələrindən sənət adamlarının səfər etdiyini qeyd edib.

C.Feyziyev yaxın zamanda azərbaycanlı iş adamlarından ibarət bir qrupun Lefkoşaya səfər edəcəyini və onların ŞKTC-dəki bazar imkanlarını və istehsal olunan məhsulları araşdıracağını bəyan edib.

Bundan əlavə, deputat ŞKTC parlamentinin sədri Ziya Öztürklərin may ayında Bakıya dəvət edilməsi ilə bağlı planlar barədə məlumat verib.

O, Azərbaycan və ŞKTC arasında əlaqələrin, xüsusən də parlamentlərarası müstəvidə bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Əlaqəli Xəbərlər