Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk martın 23-də xəstəxanadan evə buraxılacaq. SİA xəbər verir ki, bunu Romadakı “Gemelli” xəstəxanasının həkimləri açıqlayıblar.
Həkimlər Serxio Alfieri və Luici Karbone artıq 38 gündür ki xəstəxanada müalicə olunan pontifikin son iki həftədir vəziyyətinin sabit qalmaqda davam etdiyini bildiriblər. Roma Papasında pnevmoniyanın aradan qalxdığı, digər infeksiyalar azaldığı qeyd olunub.
Papa Fransiski qarşılamaq üçün xəstəxananın qarşısına izdihamın toplanması gözlənilir. O, Vatikandakı Santa Marta iqamətgahına yollanacaq. Roma Papasının kütləvi ziyarətlərdən və sıx fiziki fəaliyyətdən çəkinməsi tövsiyə olunub. Ənənəvi “Angelus” duasının isə yazılı şəkildə ictimaiyyətə açıqlanacağı bildirilib.
Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilmiş, ona polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu.