Almaniya hökuməti Cənubi Sudanda gərginliyin artması ilə əlaqədar bu ölkədəki səfirliyini müvəqqəti bağlamaq qərarına gəlib.
SİA xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok sosial media paylaşımında bu barədə qeyd edib: “İllərlə davam edən kövrək sülhdən sonra Cənubi Sudan yenidən vətəndaş müharibəsinin astanasındadır”.
Vəziyyətin gərginləşməsi fonunda böhran qərargahı paytaxt Cubadakı səfirliyi müvəqqəti bağlamaq qərarına gəlib.
Təxminən 11 milyon əhalisi olan Cənubi Sudan 2011-ci ildə şimal qonşusu Sudandan müstəqillik qazandıqdan sonra vətəndaş müharibəsi ilə üzləşdi. Prezident Salva Kiir Mayardit və rəqibi Riek Maçar 2020-ci ildə keçid hökuməti formalaşdırdılar. Lakin indi bu hökumətin uğursuzluğa düçar olmaq təhlükəsi var. Ölkədə bir neçə həftədir vitse-prezident Riek Maçarın da mənsub olduğu Nuer xalqına aid silahlı dəstələr hökumət qüvvələrinə qarşı döyüşür. Döyüşlərdə onlarla insan həlak olub. BMT-nin məlumatına görə, fevral ayından bəri ən azı 50 min nəfər qaçqın düşüb. Döyüşlər paytaxtdan 1300 kilometr uzaqda baş versə də, münaqişənin ölkənin digər bölgələrinə yayılmaq təhlükəsi var.
Alman diplomatlar bir neçə gün əvvəl Kanada, Niderland, Norveç, Böyük Britaniya, ABŞ və Avropa İttifaqının nümayəndələri ilə birlikdə Salva Kiir Mayardit və Riek Maçar arasında vasitəçilik təklif ediblər.