“Hər il mart ayında 1995-ci ildə baş vermiş dövlət çevrilişinə cəhd məsələsi ilə bağlı cəmiyyətin müəyyən kəsimində müzakirələr başlayır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.
Elşad Məmmədli sözlərinə belə davam edib: “Hər dəfə də biz onun şahidi oluruq ki, məsələnin əsl mahiyyətindən xəbərsiz olan adamlar müəyyən utopik fikirlər yayır.
Əslində, o vaxt OMON adlandırılan silahlı dəstə Rövşən Cavadovun başçılığı ilə hələ 1994-cü ilin payızında Surət Hüseynovla müştərək qiyama cəhd etmişdilər.
Bu həmin dövrə təsadüf edirdi ki, Azərbaycan “Əsrin müqaviləsi” adlanan neft kontraktlarını imzalamağa hazırlaşırdı. Ümummilli lider Heydər Əliyevin bu uzaqgörən siyasətinə isə o dövrdə Rusiya və digər güclər öz maraqları səbəbindən mane olmaq istəyirdilər. Daxildə müəyyən qüvvələrin əli ilə bu oyunları həyata keçirmək və ölkəmizin firavan gələcəyinə balta vurmaq istəyirdilər.
1994-cü ilin payızında bu qiyamın da qarşısı alındı. Heydər Əliyev humanist siyasət yürüdərək və Qarabağ savaşında Rövşən Cavadovun müəyyən xidmətlərini nəzərə alaraq onu bağışladı.
Lakin təəssüflər olsun ki, Cavadov 1995-ci ilin martında, üstəlik də atəşkəs ərəfəsində yenidən dövlətçiliyimizə qarşı olan, xaricdən idarə olunan proseslərə qoşuldu və növbəti dəfə silahlı qiyam törətdi.
O dövrü yaşayanlar bilir, Heydər Əliyev televiziya vasitəsilə dəfələrlə müraciət etdi, bu oyunları dayandırmağı, dövlətimizin çətin vaxtında onun parçalanmasını istəyən qüvvələrin əlində alət olmamağa çağırdı.
Lakin destruktiv qüvvələr buna məhəl qoymadı və nəticədə qiyam qanuni yolla, güc yolu ilə yatırılmalı oldu. Dövlətimizi qorumağın başqa yolu yox idi. Həmin zaman da Cavadov güllə yarası aldı və həyatını itirdi.
Proseslərin qısa məğzi budur. Yəni o dövrün bir qəhrəmanı, müsbət obrazı olub, o da dövlətçiliyimizi xilas etmiş Heydər Əliyevdir”.
Ayşən Vəli