İstanbulun Bahçeşehir Universitetində Novruz bayramı ilə bağlı Bahar şənliyi təşkil edilib. Tədbir ali təhsil müəssisəsi ilə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşlığı nəticəsində ərsəyə gəlib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektorunun müşaviri İhsan Alparğı Novruz bayramının təkcə fəsil dəyişikliyi deyil, həm də yenilənmə, birlik və qardaşlığı təmsil edən tarixi bir ənənə olduğunu, mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov çıxışında Azərbaycan mədəniyyətinin Türkiyədə daha geniş tanıdılmasının böyük əhəmiyyət daşıdığını vurğulayaraq Novruz bayramının bütün Türk dünyası arasındakı bağları daha da gücləndirdiyini bildirib.
Elnur Hüseynov Azərbaycan Mədəniyyət Mərkəzi ilə Bahçeşehir Universiteti arasında milli mədəniyyətimizin, ortaq dəyərlərimizin təbliği ilə bağlı layihələrin davam edəcəyini vurğulayıb. Tədbir bədii hissə ilə davam etdirilib.
“TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan Rüzgarı” proqramının aparıcısı Səidə Ömərin təqdimatında davam edən hissədə Türk dünyası ölkələrinin bu bayramla bağlı adət-ənənələri bir araya gətirilib.
Şənlikdə Türk dövlətlərdən olan tələbələr ölkələrinin Novruz bayramı ilə bağlı milli mətbəx və mədəniyyət nümunələrini təqdim ediblər.
Mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram çərçivəsində Azərbaycanın Əməkdar artisti Elnarə Abdullayeva, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat, Bahçeşehir Universitetinin Konservatoriyasının direktoru, vokal ifaçısı İsmet Aydın və Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan Rüzgarı” qrupu tərəfindən milli musiqilərimiz ifa edilib. Azərbaycan ədəbiyyatından Novruz bayramı ilə bağlı şeirlər səsləndirilib, tələbələrimizin təqdimatında milli rəqslərimiz izlənilib, milli mətbəx nümunələrimiz qonaqlara təqdim edilib.
Tədbirdə Azərbaycanın xalq yaradıcılığı üzrə mütəxəssisi Elnarə Rəsulovanın “İstanbulda Novruz naxışları” mövzulu xalçası təqdim olunub.