Novruz bayramı İstanbulun Haliç Konqres Mərkəzində təntənəli şəkildə qeyd olunub.
SİA xəbər verir ki, təntənəli bayram proqramında Türkiyənin dövlət rəsmiləri ilə yanaşı, diplomatik korpusun və Türkiyədəki türkdilli xalqların nümayəndələri, eləcə də Türk dövlətləri arasında ortaq fəaliyyət göstərən rəsmi qurumların rəhbərləri iştirak ediblər.
Tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Novruz tonqalını alovlandırması ilə başlayıb.
Mərasimin bədii hissəsində türkdilli xalqların, o cümlədən Azərbaycanın milli musiqiləri səsləndirilib, rəqsləri nümayiş etdirilib.
Tədbirdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan martın 21-nin ölkədə Baharın və Qardaşlığı Bayramı Günü kimi təsis ediləcəyini açıqlayıb və bu günün birliyin rəmzi kimi Türk Dövlətləri Təşkilatı nəzdində, birgə qeyd olunmasını təklif edəcəklərini deyib.
İşğal altında olan Qarabağın azad edilməsi ilə bölgədə yeni dövrün başladığını qeyd edən Prezident, Türkiyədə baş verən 6 fevral zəlzələlərində də ölkəsinin yardımına ilk gələnlərin məhz türkdilli dövlətlər olduğunu vurğulayıb.
Türk dilli xalqları bayram münasibətilə təbrik edən Ərdoğan Osmanlı dövrünə aid Novruz adət-ənənələrindən də danışıb.
Tədbirin keçirildiyi mərkəzin həyətində türkdilli xalqlara aid çadırlar da qurulmuşdur.