Novruz bayramı münasibətilə Şuşa şəhərində silsilə tədbirlər davam edir. SİA-nın bölgə müxbiri xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə davam edən “Şuşa baharı” adlı bayram tədbirləri çərçivəsində “Güllü bağ” ərazisində Novruzu tərənnüm edən yarmarka təşkil edilib. Yarmarkada ziyarətçilərə Şuşa sakinlərinin əl işləri, səmənilər, milli mətbəximizə aid olan bayram xonçaları, müxtəlif şirniyyatlar, supermarketlərin xidmətləri təqdim olunur.
Martın 19-da Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının təqdim etdiyi ədəbi-bədii kompozisiya, Şuşanın tarixi şəxsiyyətlərinin – Pənahəli xanın, Gövhər ağanın, Xan qızı Natəvanın, Molla Pənah Vaqifin və digərlərinin obrazları, Şuşanın istedadlı yeniyetmə və gənclərinin ifaları sakinlər tərəfindən maraqla qarşılanıb.
Bayram tədbirləri martın 24-dək davam edəcək.