Britaniyada şəxsi silah satışları ilə bağlı qaydalar sərtləşdiriləcək


Britaniya hökuməti şəxsi silah satışlarına nəzarəti sərtləşdirmək üçün mövcud qaydaların gücləndirilməsini araşdırır. SİA “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İvet Kuper məlumat verib.

Məsələ 19 yaşlı gəncin ailəsini qətlə yetirdiyi üçün 49 il həbs cəzasına məhkum edilməsindən sonra gündəliyə çıxarılıb. Nikolas Prosper fevral ayında anasını, qardaşını və bacısını qətlə yetirdiyini etiraf edib və eyni zamanda, lisenziyasız qeyri-qanuni şəkildə ov tüfəngi aldığını da etiraf edib.

“Bu dəhşətli hadisə şəxsi silah satışlarında ciddi və uzunmüddətli boşluqların mövcud olduğunu üzə çıxardı və biz bu nəzarəti necə sərtləşdirə biləcəyimizə təcili baxırıq”, – deyə İvet Kuper məhkəmədən sonra verdiyi açıqlamada bildirib. Lakin nazir hökumətin konkret hansı addımları atacağını açıqlamayıb.

Birləşmiş Krallıqda silah sahibi olmaq hüquq deyil, imtiyaz kimi qəbul edilir. Mövcud qanunlara əsasən, hər hansı bir şəxs silah almaq üçün polis tərəfindən verilmiş xüsusi silah sertifikatına sahib olmalıdır. Bu sertifikatın verilməsi zamanı polis, həmin şəxsin ictimai təhlükəsizlik üçün risk yaradıb-yaratmadığını və silaha sahib olmaq üçün yetərli səbəbinin olub-olmadığını araşdırır.

Əlaqəli Xəbərlər