ABŞ Prezidenti Donald Trampla çox mənalı, müsbət və səmimi söhbətim oldu.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Donald Trampla telefon danışığından sonra Ukrayna Prezidenti Volodimir Zelenski X hesabında yazıb.
Zelenski martın 19-da ABŞ lideri Donald Trampla keçirdiyi telefon danışığından danışaraq, “bu il davamlı sülhün əldə oluna biləcəyinə” əminliyini ifadə edib.
Prezidentin sözlərinə görə, Ukrayna və Amerika heyətləri sülhə nail olmaq üçün addımların əlaqələndirilməsini davam etdirmək üçün yaxın günlərdə Səudiyyə Ərəbistanında görüşməyə hazırdır.
“Mən Donald Trampa martın 11-də Ciddədə Ukrayna və Amerika komandalarının işinin yaxşı və məhsuldar başlamasına görə təşəkkür etdim – komandaların bu görüşü müharibənin sona çatması istiqamətində irəliləyişə əhəmiyyətli dərəcədə kömək etdi. Biz razılaşdıq ki, müharibəni sona çatdırmaq üçün Ukrayna Amerika lideri ilə birlikdə çalışmalıdır. Bu il davamlı sülh əldə edilə bilər”, deyə Zelenski əlavə edib.
Zelenskinin sözlərinə görə, Tramp Putinlə söhbətinin təfərrüatlarını və müzakirə olunan əsas məsələləri onunla bölüşüb.
“Müharibənin tam dayandırılması üçün ilk addımlardan biri enerji və digər mülki infrastruktura hücumları dayandırmaq ola bilər. Mən bu addımı dəstəklədim və Ukrayna da bunu həyata keçirməyə hazır olduğunu təsdiqlədim. Komandalarımız Ciddədə bu addımı müzakirə etdilər. Amerika tərəfi də cəbhə xəttində qeyd-şərtsiz atəşkəs təklif etdi. Hesab edirik ki, atəşkəs dövründə hərtərəfli sülh sazişinin hazırlanmasına imkan yaratmaq üçün belə addımlar lazımdır”, deyə, Zelenski vurğulayıb.
Bundan əlavə, Prezident Trampa döyüş meydanındakı vəziyyət və Rusiya zərbələrinin nəticələri barədə son məlumatı təqdim etdiyini bildirib.
“Biz Kursk vilayətindəki vəziyyət barədə danışdıq, hərbi əsirlərin azad edilməsi və rus qoşunları tərəfindən əsir götürülən ukraynalı uşaqların geri qaytarılması məsələsinə toxunduq. Həmçinin, Ukraynanın hava hücumundan müdafiə sisteminin vəziyyətini və insanların həyatını qorumaq üçün onun gücləndirilməsi imkanlarını müzakirə etdik”, deyə, Zelenski bildirib.