Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində Novruz bayramına həsr olunmuş “Sevinc və sülh: Novruz təntənəsi!” adlı tədbir keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra Novruz bayramının adət-ənənələrindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova bildirib ki, bu gün Azərbaycan əsgərinin qalibiyyəti Ali Baş Komandanın uzaqgörən siyasətinin təzahürüdür. Xalqımız beş ildir fərqli Novruz bayramı keçirir. Artıq milli bayramımız işğaldan azad olunmuş Qarabağımızda qeyd olunur. Xalqımızın bu günə hər zaman inamı olub.
Günay Nəzərova Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin salamlarını və təbriklərini hərbi kollecin şəxsi heyətinə çatdırıb.
Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev çıxış edərək bildirib ki, cari tədris ilindən Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri sırasına belə bir vacib, önəmli, strateji əhəmiyyətli hərbi təhsil müəssisəsi də qoşulub. Bu isə Prezident İlham Əliyevin muxtar respublikamızdakı təhsil zəncirini ən mükəmməl tamamlayan müdrik addımlarındandır. Naxçıvan yetirdiyi sərkərdələri, eyni zamanda, İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar yazan igidləri ilə hərb tariximizdə silinməz iz buraxıb. Məhz bu baxımdan hərbi təhsil müəssisəsi qəhrəmanlıq irsimizin yaşadılmasında müstəsna rol oynayacaq.
Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı misilsiz Zəfərdən, Vətən yolunda döyüşə atılan oğulların igidliyindən danışıb, təbriklərini səsləndirib.
Sonra hərbi kollecin həyətində 4 sərv ağacı əkilib, bayram tonqalı alovlandırılıb, kursantlar tərəfindən şeirlər, musiqilər səsləndirilib, Kosa və Keçəl obrazları nümayiş etdirilib, milli rəqslərimiz ifa olunub.