“Nostalji marketinqin sirri istehlakçıların emosiyalarını oyatmaq və onların keçmişə olan xoş xatirələrini yenidən canlandırmaqdır. İnsanlar müəyyən dövrlərə aid musiqi, dizayn, qoxu və dadları gördükdə və ya hiss etdikdə, beynin xoşbəxtlik hissi ilə əlaqəli olan dopamin hormonu ifraz olunur. Bu da brendlərə məhsullarına daha dərindən bağlanmaq imkanı yaradır. 90-cı illərin nəsli (Millennials) əsas alıcı qrupudur. Hazırda ən çox alış-veriş edən nəsil 80-90-cı illərdə böyüyən insanlardır. Onların keçmişdə sevdiyi məhsulları yenidən bazara çıxarmaq, həmin emosional bağdan istifadə etməyə imkan yaradır”. Bu sözləri SİA-ya açıqlamasında Marketinq və İctimai Əlaqələr Departamentinin rəhbəri Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, Texnologiyanın sürətli inkişafı nostaljiyə ehtiyac yaradır: “Süni intellekt, sosial media və rəqəmsallaşmanın sürətli inkişafı insanlarda sadə və tanış dövrlərə həsrət yaradır. 90-cı illər isə texnologiyanın çox da üstünlük təşkil etmədiyi, eyni zamanda müasir həyatın əsaslarının qurulduğu bir dövrdür. Retro üslub isə populyarlığını daima qoruyur. Moda, dizayn və musiqidə dövri təkrarlanma müşahidə olunur. 90-cı illərin geyimləri, oyunları, şriftləri və hətta loqotipləri yenidən populyarlaşıb. Coca-Cola, McDonald’s, Nintendo kimi brendlər köhnə dizaynlarını və reklamlarını yenidən bazara çıxararaq uğur qazanıblar.
Nostalji marketinq xüsusi izah tələb etmir – insanlar artıq bu məhsulları tanıyır və sevir. Yəni, yeni brend yaratmaq və ya tam fərqli yanaşma qurmaq əvəzinə, mövcud xatirələr üzərində işləmək daha asan və effektivdir.
Brendlər nostaljini sadəcə keçmişi xatırlatmaq üçün deyil, eyni zamanda müasir elementlərlə birləşdirərək yeni və unikal təcrübə yaratmaq üçün istifadə edirlər. Bu da onları bazarda daha fərqli və yadda qalan edir.