“”Yeni yaslı olan adamın başqa bir yasa getməsi qadağandır” sözü dinlə bağlı deyil. İslam qanunlarında belə bir şey yoxdur. Bu, bizim milli adətimizdədir ki, evdə yas olanda başqa yasa gedə bilməzsən. Gedə bilər, heç bir maneəsi yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.
Məntiqi odur ki, öz yası olan adam öz yasına başı qarışar, başqaları ondan bir şey ummazlar. Bu, elimizin adətidir. Öz yası ilə məşğul olsun, öz problemini həll etsin, başqa insanlar da ondan bir şey ummayacaq, bir şey tələb etməyəcək. Bu baxımdan deyirlər ki, kimin yası var, yasını tamamlayana qədər başqa yasa getməsin.
Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Allah-Təala bizə xoş günlər nəsib etsin. Amin”.
Yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov: “Azərbaycan mental dəyərlərində, etnoqrafik düşüncəsində həqiqətən də belə bir fikir var ki, hüzürü düşmüş, dünyasını dəyişən yaxını olan şəxs, xüsusən də ailəsində vəfat etmiş insanlar digər yas yerlərinə ən azı 7 gün və yaxşı olar ki, 40 gündən sonra getsinlər. Hər halda düşünürəm ki, xalq elə-belə adət-ənənələri, dəyərləri, inancları formalaşdırmır.
Bu həm tibbi baxımdan, həm psixoloji baxımdan, həm də güman ki, energetik baxımdan müəyyən bilgiləri özündə toplayan bir vərdişdir, və yaxud adətdir. Yəni, yaxınını itirmiş şəxs bilirsiniz ki, psixoloji gərginlik içində olur, mənəvi cəhətdən kömək lazım olur. Eyni zamanda deyilənlərə görə, hər ölən şəxs öz yaxın adamlarına öz ruhundan bir parça saxlayır. Və həmişə həmin adamların evinə digərləri gəlirlər, onlara mənəvi dayaq dururlar. Məhz 3 günlər, 7 gün, 40 gün, cümə axşamları həmin şəxsin yeni həyat tərzinə adaptasiya olması, öz doğmasını itirəndən sonra o itkini nisbətən doldurmaq və mənəvi dayaq olmaq üçün xalqın, elin, qohum-əqrabanın onun yanında olması önəmli götürülür.
Amma təsəvvür edin ki, yasda olan adam başqa bir yas yerinə, başqa bir hüzn yerinə gedəndə, qadın və ya kişi olsun, istər-istəməz öz dünyasını dəyişmiş şəxsi yadına salır. Bayıla bilər, psixoloji gərginlik keçirə bilər, beyin hüceyrələri zədələnə bilər, məclisdə özünü həddindən artıq qeyri-adekvat aparmaqla məclisin gedişatını poza bilər və s. Bu cəhətləri nəzərə alaraq belə bir adət qoyulub.
Aydın məsələdir ki, yas yerinə biz müəyyən ritualları həyata keçirmək üçün gedirik. Yəni, həmin yas sahibinin dünyasını dəyişmiş doğmasına bir növ həm maddi cəhətdən kömək etmək, həm məclisini keçirmək, həm də itirdiyinə görə mənəvi sarsıntı keçirməməsi üçün dayaq olmaq məqsədi daşıyır. Əvvəllər bu mərasimlər daha təmtəraqlı olurdu, daha çox insanları əhatə edirdi. Amma sonradan bu bir qədər azalıb. Bəzi qadağalar, cəmiyyət tərəfindən ictimai tənələr, ziyalıların çağırışları və eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin fətvalarından sonra bilirsiniz ki, yaslar artıq 7 gün, 40 gün yox, məhz 3 günlə kifayətlənir. Birinci gün hətta yemək verilmir, ikinci gün ehsan verilir uzaqdan gələnlər üçün, üçüncü gün isə saat 12-yə qədər xətm edilir. Şəhər yerlərində ümumiyyətlə bu 7, 3 və 40 günlər birləşdirilir, cümələr də ixtisar edilir.
Yaxşıdır, pisdir, bilmirəm, çünki indi insanlar daha çox dünya ilə bağlıdırlar. O qədər məlumat axını, o qədər itkilər, o qədər insan ölümü sayı artıb ki, artıq insanların 7 gün, 40 gün birinin evinə gedib ona mənəvi dayaq durmasına ehtiyac yoxdur. Və yaxud bu işləri psixoloqlar, ailə həkimləri də görə bilirlər. Həm də insanlar artıq ayılıblar, həm yas, həm itki, həm də ölüm haqqında daha böyük bilgilərə sahibdirlər və onu qorxu alətinə çevirmirlər.
Bu baxımdan da yasın öz formatı dəyişilib, yas adətləri dəyişilib. Əlbəttə, bu adət-ənənələr də dəyişilib. Yaxşı olardı ki, bu adət-ənənə qorunsun. Amma lap yaxın adamın yası düşürsə, öz məclisini yola verəndən sonra – çünki burada digər bir tərəf də var, ictimai tərəf də var – yəni sənin öz yasın ola-ola, insanlar evinə gəldiyi bir vaxtda sən başqasının evinə, məclisinə necə gedə bilərsən? Axı bu, gələn insanlara, qonaqlara qarşı hörmətsizlik kimi qəbul ediləcək. Ona görə də insanların çoxu bu məsələyə daha çox önəm verməyə başlayıblar”.
Ayşən Vəli