Dünya əhalisinin böyük əksəriyyəti çirklənmiş hava ilə nəfəs alır. Şəhərlərin cəmi 17 faizi hava çirklənməsinə dair tövsiyələrə əməl edir. SİA xəbər verir ki, bu barədə İsveçrənin havanın keyfiyyətinin monitorinqi üzrə məlumatlar bazası “IQAir”in hesabatında deyilir. Ən çirkli hava Çad, Banqladeş, Pakistan, Konqo Respublikası və Hindistandadır. Dünyanın 20 ən çirkli şəhərindən 13-ü Hindistanın payına düşür. Hesabat 138 ölkədə havanın keyfiyyətinin monitorinqi üzrə 40 min stansiyadan əldə olunmuş məlumatlara əsaslanır.
Ekspertlər hesab edirlər ki, hava çirklənməsi ilə bağlı real vəziyyət xeyli ağır ola bilər, çünki dünyanın əksər yerlərində monitorinq aparmaq mümkün deyil. Məsələn, Afrikada, hər 3 milyon 700 min sakinə cəmi bir monitorinq stansiyası düşür. Hesabatda deyilir ki, bu problemin həlli üçün bir sıra ölkələrdə hava keyfiyyətinin ölçülməsi üçün daha çox monitor quraşdırılır.