Latviyada Novruz bayramı qeyd olunub


Riqa şəhərində Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistanın Latviyadakı səfirliklərinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, tədbir UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilən Ümümlatviya Mahnı və Rəqs Bayramının ənənəvi olaraq keçirildiyi və Latviyanın ən tanınmış mədəniyyət məkanlarından biri olan “Mejaparka Liela estrade”də təşkil olunub.

Azərbaycan Latviyadakı səfiri Elnur Sultanov tədbirdə çıxış edib. O, artıq ikinci dəfədir ki, Latviyada Novruz bayramının qardaş Türkiyə, Qazaxıstan və Özbəkistan səfirlikləri ilə birgə qeyd edildiyini və bu tədbirin türk dövlətləri arasında əlaqələrin yüksək səviyyədə olmasının bariz nümunəsi olduğunu bildirib.

Vurğulanıb ki, artıq ikinci ildir ki, Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində qeyd olunur.

Səfir Novruz bayramının Azərbaycan xalqının ən qədim və sevimli bayramlarından biri olduğunu, Azərbaycan xalqının milli kimliyini özündə əks etdirdiyini və xalqımızın layiqincə yaşatdığı Novruz ənənələrinin, eyni zamanda, bəşər mədəniyyətinə töhfə verdiyini diqqətə çatdırıb.

E.Sultanov 2009-cu ildə Novruz bayramının UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edildiyini və 2010-cu ildə BMT-nin qərarı ilə martın 21-nin Beynəlxalq Novruz Günü elan olunduğunu diqqətə çatdırıb. Səfir, həmçinin Novruz bayramının adət-ənənələri və milli xüsusiyyətləri barədə məlumat verib.

Sonra Qazaxıstanın səfiri Dauren Karipov, Türkiyənin səfiri Şule Öztunç və Özbəkistanın səfiri Timur Raxmanov çıxış edərək Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar.

Daha sonra “Cəngi” etnocaz qrupunun solisti, tar ifaçısı Mircavid Cəfərov və nağara ustası Vüsal Bayramov Azərbaycan xalq mahnıları və bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Tədbir Qazaxıstan, Türkiyə və Özbəkistanın musiqiçilərinin çıxışları ilə davam edib.

Mədəni proqram çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi ilə Azərbaycanın görkəmli rəssamlarının Novruz bayramına həsr olunmuş əsərlərinin reproduksiyalarından ibarət “Salam, Novruz!” sərgisi təşkil olunub.

Həmçinin tədbirdə ölkəmizdə Novruz bayramının qeyd olunması barədə videoçarx nümayiş etdirilib.

Bayram tədbirində milli mətbəximizin ləziz təamları, o cümlədən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma və çay süfrəsi təqdim edilib.

Tədbirdə Latviyanın dövlət qurumlarının rəhbərləri və nümayəndələri, Latviya Seyminin üzvləri, Xarici İşlər Nazirliyinin rəsmiləri, diplomatik missiyaların rəhbərləri, tanınmış incəsənət xadimləri, akademik, ictimai dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də Latviyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Əlaqəli Xəbərlər