Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti “Sosial jurnalistika” təlimi təşkil olunub.
SİA xəbər verir ki, budəfəki təlim “Ünvanlı dövlət sosial yardımı sahəsində göstərilən xidmətlər” mövzusuna həsr edilib.
Təlimdə iştirak edən 17 media qurumundan jurnalistlərə ünvanlı sosial yardım üçün müraciət qaydaları barədə ətraflı məlumat verilib. Onların “Ünvanlı sosial yardımı kimlər ala bilər?”, “Hansı hallarda müraciətə imtina verilir?”, “Ehtiyac meyarı nədir və məbləği nə qədərdir?”, “Yardım işləməyən şəxslərə təyin edilirmi?”, “Nəqliyyat vasitəsi yardımın verilməsində imtinaya səbəb olurmu?” kimi sualları cavablandırılıb.
Mövzunun mənimsənilmə səviyyəsini müəyyənləşdirmək məqsədilə vorkshop təşkil edilib. Sonda iştirakçılara sertifikatlar verilib.
“Sosial jurnalistika” təlimlərinin təşkilində əsas məqsəd media nümayəndələrinin sosial müdafiə sahələrinə dair mövzular üzrə dolğun məlumatlandırılması, bu mövzulara peşəkar yanaşma bacarıqlarının artırılması, sahəvi biliklərinin inkişafı və media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.