“Rusiya tutduğu əraziləri geri qaytarmayacaq”


“Rusiya-Ukrayna münaqişəsi dünyanın iqtisadi-siyasi sistemini köklü şəkildə zədələdi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

O bildirib ki, Amerikada Bayden hakimiyyəti Ukrayna münaqişəsini yaratmaqla dünyada hərbi xaos yaratdı: “Bu hərbi xaosun fonunda Birləşmiş Ştatlar öz maraqlarını həyata keçirdi. Bayden hakimiyyəti Birləşmiş Ştatları Rusiyanın düşməni elan etmişdi. Rusiyanı dünya siyasi xəritəsindən silmək istəyirdi. Ukrayna münaqişəsi onu göstərdi ki, Rusiya dünyada güc mərkəzidir. Rusiyanın siyasi maraqları ilə hesablaşmaq lazımdır.

Artıq Amerikada hakimiyyət dəyişikliyi yaranmışdır. Trampın hakimiyyətə gəlməzdən əvvəl də seçicilər qarşısında bəyanat vermişdi ki, qısa müddətdə bu münaqişəni aradan qaldıracaq. Trampın bəyanatları istər Birləşmiş Ştatlarda, istərsə də dünyada yeni siyasi situasiya yaradıb. Bu həm Ukraynada, həm də Yaxın Şərqdə özünü göstərməkdədir. Trampın ilkin davranışlarında belə bir görüntü yaranır ki, Rusiya ilə münasibətlərini loyallaşdırmaq istəyir. Atəşkəsin, gələcəkdə sülhün əldə edilməsi üçün adımlar atmaq istəyir. Amerikada da Ukraynanın Prezidenti ilə Tramp arasında görüş bir daha onu göstərdi ki, Tramp Ukrayna rəhbərinə təzyiq edir ki, atəşkəsin əldə edilməsi üçün Rusiyanın tələblərini həyata keçirsin. Rusiyanın tələbləri həyata keçirilməyənə qədər atəşkəs və sülh sazişi əldə edilməyəcək. Rusiyanın da əsas tələbləri Ukraynanın neytral dövlət olmasını bəyan etməlidir. Eyni zamanda Zelenski hakimiyyətdən getməlidir. Atəşkəsin əldə edilməsi, sülhün əldə edilməsi üçün isə Putin Zelenski ilə masada oturub heç bir sazişə imza atmayacaqdır”.

“Trampın davranışı Ukraynaya təzyiq etməkdir ki, atəşkəsin əldə edilməsi üçün güzəştlərə getsin. Ukrayna məğlub tərəfdir. Əgər Zelenski Trampın tələblərinə əməl etməsə, Ukrayna yenə də torpaqlarını itərəcəkdir. Bu münaqişədə Ukrayna 100 minlərlə gənclərini itirdi, 10 milyonlarla insanı qaçqın oldu. Trampın davranışı Ukraynanı qoruyub saxlamaqdır. Digər əraziləri qoruyub saxlamaq üçün danışıq olmalıdır. Rusiya qalib tərəfdir. Bu münaqişədə hərbi üstünlüyü var. Rusiya bu üstünlüyü əldə etməklə NATO bloku arasında fikir ayrılığı yaratmışdır. Rusiya iqtisadi baxımdan qalib tərəfdir. Qərb mətbuatının verdiyi məlumata görə, Ukraynanın təbii sərbvətlərinin 70%-i Rusiyanın nəzarət etdiyi ərazilərdədir.

Rusiya tutduğu əraziləri geri qaytarmayacaq. Rusiyanın şərtləri qəbul olunmalıdır. Baydenin hakimiyyəti dövründə Rusiya heç cür Amerikanın şərtini qəbul etməyəcəkdir. Tramp dedi ki, əgər mən hakimiyyətdə olsaydım, bu münaqişə baş verməzdi. Tramp Zelenskini axmaq prezident kimi təqdim etdi. Bu münaqişənin törədicisinin Amerika olduğunu bir daha səsləndirdi. Bu da Rusiyanın mövqeyi ilə üst-üstə düşür. Hesab edirəm ki, bu cür bəyanatlar Rusiya ilə bir masa arxasında oturmağa gətirib çıxaracaq” – deyə o, əlavə edib.

Əlaqəli Xəbərlər