Britaniya hökuməti Moskvanın Britaniya diplomatlarına qarşı təzyiqlərinin artmasına cavab olaraq, Rusiyanın bir diplomatını və onun diplomatik statuslu həyat yoldaşını ölkədən çıxaracağını elan edib. SİA xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi bəyanat yayıb: “Aydındır ki, Rusiya dövləti Britaniyanın Moskvadakı səfirliyini bağlanmağa məcbur etməyə çalışır və bunun təhlükəli eskalasiyaya səbəb ola biləcəyini nəzərə almır”,- deyə bəyanatda qeyd olunub.
Nazirlik əlavə edib ki, rusiyalı diplomatlarının ölkədən çıxarılması Britaniya rəsmilərinə qarşı Moskvada həyata keçirilən getdikcə daha aqressiv və koordinasiyalı təzyiq kampaniyasına cavab olaraq atılıb.
Xatırladaq ki, Rusiya bazar ertəsi iki Britaniya diplomatını casusluqda ittiham edərək onlara ölkəni tərk etmək üçün iki həftə vaxt vermişdi. Britaniya isə bu iddiaları əsassız adlandıraraq rədd etmişdi.
Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Rusiya tərəfindən atılacaq hər hansı yeni addım eskalasiya kimi qiymətləndiriləcək və müvafiq şəkildə cavab veriləcək.
Qeyd edək ki, Moskva Britaniyanın Ukraynaya davamlı hərbi dəstəyindən və Baş nazir Kir Starmerin potensial sülhməramlı qüvvə kimi Britaniya qoşunlarının Ukraynaya yerləşdirilə biləcəyinə dair son açıqlamalarından narahatdır.