Avropa İttifaqı Serbiyada gərginliyin azaldılmasına çağırıb


Serbiyadakı mövcud daxili siyasi vəziyyəti diqqətlə izləyirik, gərginliyin azaldılmasına və dialoqa çağırırıq. SİA xəbər verir ki, bu barədə martın 15-də Belqradda keçirilməsi nəzərdə tutulan etiraz aksiyasından əvvəl Aİ-nin informasiya xidmətinin açıqlamasında bildirilir.

Avropa İttifaqı Serbiyanın ittifaqa üzvlük yolunda zəruri islahatları həyata keçirməklə bağlı bütün maraqlı tərəflərin, o cümlədən siyasi aktorların, institutların və vətəndaş cəmiyyəti üzvlərinin inklüziv dialoquna şərait yaratmaqla ölkədə gərginliyin azaldılmasına çağırıb.

Aİ hesab edir ki, vətəndaşların iştirakı şəffaflığın və hesabatlılığın təşviqi də daxil olmaqla sağlam və demokratik cəmiyyətin inkişafında mühüm rol oynayır.

Qeyd edək ki, martın 15-də Belqradda tələbələr və yüzlərlə insanın iştirakı ilə etiraz aksiyasının keçirilməsi nəzərdə tutulur.

Keçən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən faciədən 4 ay keçməsinə baxmayaraq qəza Serbiyada gündəmdən düşmür. Bu müddət ərzində paytaxt Belqradda, eləcə də digər böyük şəhərlərdə tələbələr və minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilib, hökumət üzvlərinin bəziləri istefa veriblər.

Ayın əvvəlindən isə indiyədək Serbiya Milli Assambleyasında deputatlar arasında qarşıdurma olub, nümayişçilər Serbiyanın “RTS” radio-televiziya kanalının qarşısına toplaşıblar, aksiya zamanı mədəniyyət naziri Nikola Selakoviçə hücum edilib, etirazçı tələbələri hədələyən şəxs həbs olunub.

Serbiya Prezidenti Aleksandar Vuçiç deyib ki, Balkan regionunda təhlükəsizlik vəziyyətinin ciddi şəkildə sarsıldığı bir vaxtda ölkəsi sülh və sabitliyi, eləcə də bütün vətəndaşlarının təhlükəsizliyini qorumağa çalışır.

Əlaqəli Xəbərlər